3 yaşlı Berfinin mədə və bağırsaqlarında 66 maqnit muncuq aylarla ilişib qalmışdı.
E-saglam.az xəbər verir ki, uzun müddət davam edən ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya gətirilən balaca qız, 5 saat davam edən kritik əməliyyat sayəsində xilas edildi.
Berfinin valideynləri onun boyunbağı və ya bilərziyi yutduğunu düşünürdü, lakin rentgen müayinəsi maqnit muncuqların mövcudluğunu göstərdi. Uşaq cərrahları və qastroenteroloqların birgə həyata keçirdiyi əməliyyat zamanı mədədə 3, bağırsaqlarda isə 2 deşik və ciddi yapışmalar aşkarlanıb. Muncuqlar orqanları bir-birinə bağlayaraq perforasiyaya səbəb olmuşdu.
Uşaq cərrahı Dr. Mehmet Çakmak bildirib ki, birdən çox maqnit udulması təcili və həyati təhlükəsi olan vəziyyətdir. O, “Bu oyuncaq deyil, ölüm tələsidir” deyərək maqnit muncuqların satışının qadağan olunmasının vacibliyini vurğulayıb.
Əməliyyat uğurla başa çatıb, lakin maqnitlərin uzun müddət bədəndə qalması orqanlarda ciddi zərərlərə yol açır və vaxtında müdaxilə həyati önəm daşıyır.
Valideynlərə və cəmiyyətə xəbərdarlıq edilir: uşaqların ətrafında maqnitli oyuncaq və əşyaların olması təhlükəlidir və bu cür məhsulların satışı qadağan edilməlidir.
Tərcümə: Könül Oruc