Qidalanma
Bədəninizin sizə gündəlik qəhvə limitini aşdığınızı bildirməsinin
Qidalanma
179

Bədəninizin sizə gündəlik qəhvə limitini aşdığınızı bildirməsinin 7 əlaməti

Səhər kofesiz günə başlaya bilməyənlərdənsiniz? Gün ərzində bir fincandan digərinə keçirsinizsə, diqqətli olun! Mütəxəssislər xəbərdarlıq edir ki, həddindən artıq qəhvə istehlakı bədəndə gözlənilməz reaksiyalara səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, bir çox insan üçün qəhvə sadəcə içki deyil, günün ayrılmaz hissəsidir. Səhər evdə bir fincan, ofisdə daha biri, nahardan sonra canlanmaq üçün bir stəkan və gün ərzində davam edən digər fincanlar... Amma bütün bu kofein bədənə necə təsir edir?

Mütəxəssislərə görə, gündə üç fincandan artıq qəhvə istehlakı orqanizm üçün əlavə yük yarada bilər. Bu zaman bədən müəyyən siqnallar göndərir. Gəlin, çox qəhvə içdiyinizin 7 əsas əlamətinə nəzər salaq:

1. Davamlı susuzluq hissi
Qəhvə sidikqovucu təsirə malikdir və bədəndən mayeni çıxarır. Gündə çox sayda qəhvə içdikdə, daha tez-tez susuzluq hiss edərsiniz və su içmək ehtiyacı artar. Bu da bədəninizin qəhvədən artıq yükləndiyini göstərə bilər.

2. Yuxusuzluq və gecə oyanmaları
Xüsusilə saat 16:00-dan sonra içilən qəhvə yuxuya getməni çətinləşdirə bilər. Əgər gecələr yuxuya getməkdə çətinlik çəkirsinizsə, günün erkən saatlarında qəhvə içməyi düşünə bilərsiniz.

3. Həzm pozuntuları və ishal
Qəhvə həzmi sürətləndirir, lakin çox qəbul edildikdə bu proses bağırsaqlarda narahatlığa və ishala səbəb ola bilər.

4. Ürək döyüntüsünün artması
Kofein sinir sistemini stimullaşdırır. Həddindən artıq qəhvə ürək döyüntüsünü sürətləndirə və narahatlıq hissi yarada bilər.

5. Baş ağrısı
Az miqdarda kofein bəzən baş ağrısını yüngülləşdirə bilər. Amma gündə 4 və ya daha çox fincan qəhvə əks təsir göstərərək baş ağrılarına səbəb ola bilər.

6. Qan şəkərinin yüksəlməsi
Acqarına içilən qəhvə qan şəkərinin səviyyəsini 50%-ə qədər artıraraq yorğunluq, ürəkbulanma və qarın ağrısı kimi şikayətlər yarada bilər. Bu hal uzun müddətdə diabet riskini də artırır.

7. Əhval dəyişiklikləri və əsəbilik
Həddindən artıq qəhvə bədəndə süni stress reaksiyasına səbəb olur. Bu, daimi gərginlik, əsəbilik, narahatlıq və hətta depressiya ilə nəticələnə bilər.

Qəhvə orqanizmə necə təsir edir?
Kofeinin təsiri adətən içildikdən 15-30 dəqiqə sonra hiss olunur. Təsir müddəti isə insandan insana fərqlidir. Bu, genetik xüsusiyyətlər, yaş, cinsiyyət, siqaret istifadəsi və qəbul edilən dərmanlardan asılı ola bilər.

Qəhvə vərdişi zamanla artmağa meyillidir. Başlanğıcda üç stəkan normal görünə bilər, amma zaman keçdikcə bu miqdar artır. Bədən isə artıq siqnallar verməyə başlayır: yuxusuzluq, narahatlıq, baş ağrısı və əhval düşkünlüyü varsa, dozanı azaltmaq vaxtıdır.

Qəhvədən nə zaman uzaq durmalı?
Əgər qəhvə içdikdən sonra özünüzü gərgin, narahat, ürəkbulanma və ya yuxusuz hiss edirsinizsə, bir müddət kafeindən uzaq durmaq faydalı ola bilər. Alternativ olaraq, kafeinsiz qəhvə sınaqdan keçirilə və bədənin reaksiyası müşahidə oluna bilər.

Unutmayın, qəhvə faydalı ola bilər, amma həddindən artıq qəbul edildikdə bədəniniz sizi xəbərdar edir. Bu siqnalları vaxtında oxumaq sağlamlığınızı qorumaq üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun