Xəstəliklər
Beyin şişinizin olub-olmadığını necə müəyyən etmək olar? -
Xəstəliklər
144

Beyin şişinizin olub-olmadığını necə müəyyən etmək olar? - Çox vaxt diqqətdən yayınan 5 əlamət

Beyin şişləri — beyində hüceyrələrin anormal şəkildə böyüməsi ilə yaranan toxuma kütlələridir. Xoşxassəli və ya bədxassəli ola bilsələr də, hər iki halda təcili tibbi müdaxilə tələb edən ciddi sağlamlıq problemidir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər erkən diaqnozun xəstənin həyat keyfiyyəti və ömür uzunluğu baxımından həyati əhəmiyyət daşıdığını vurğulayır.

Beyin şişinin diqqətdən yayınan 5 əlaməti:

1. Davamlı və şiddətli baş ağrısı

Xüsusilə səhərlər daha güclü olan, öskürək, əyilmə və ya qəfil hərəkətlərlə artan və klassik ağrıkəsicilərə cavab verməyən baş ağrıları ciddi əlamət ola bilər. Bu ağrılar tez-tez ürəkbulanma və qusma ilə müşayiət olunur.

2. Görmə və eşitmə pozğunluqları

Şiş görmə və eşitmə sinirlərinə yaxın yerləşirsə, ikiqat və ya bulanıq görmə, eşitmə itkisi, qulaqda dolğunluq və zəiflik kimi simptomlar ortaya çıxa bilər.

3. Tarazlıq və hərəkət problemləri

Beyincik və ya beyin sapında yerləşən şişlər əzələ zəifliyi, uyuşma, yerimə çətinliyi və incə motor bacarıqlarında (məsələn, düymə bağlama) problemlərlə özünü göstərə bilər.

4. Ani qıcolmalar (tutmalar)

Əvvəllər qıcolma keçirməyən bir insanda qəfildən tutmaların başlaması — xüsusilə əzələlərin qeyri-iradi yığılması, boş baxış və bədənin müxtəlif nahiyələrində titrəmələr — beyin şişinin göstəricisi ola bilər.

5. Şəxsiyyət və davranış dəyişiklikləri

Xüsusilə beynin ön payında yerləşən şişlər yaddaş itkisi, diqqət dağınıqlığı, səbəbsiz aqressiya, depressiya, nitq pozuntuları və gündəlik işlərdə qarışıqlıqla özünü göstərə bilər.

Erkən diaqnoz həyat xilas edir

Bu əlamətlərin bir və ya bir neçəsini yaşayan şəxslərin mütləq həkimə müraciət etməsi tövsiyə olunur. Vaxtında aparılan görüntüləmə və diaqnostik müayinələr müalicənin uğurla nəticələnməsi üçün əsasdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun