Diyetoloq Faye Ceyms hesab edir ki, daha cavan və sağlam görünmək üçün bahalı prosedurlara ehtiyac yoxdur. Onun fikrincə, sadə və balanslı qidalanma bioloji yaşı 10 il azalda bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssis ilk növbədə pəhrizin dəyişdirilməsini tövsiyə edir. Ceymsə görə, tərəvəz, göyərti, balıq və tam taxıllarla zəngin rasion həm sağlamlığı qoruyur, həm də qocalmanı ləngidir. O bildirir: “Nə qədər çox sağlam qida qəbul etsəniz, zərərli qidalar üçün bir o qədər az yer qalacaq.”
Şəkər dalğalanmalarının qarşısını almaq üçün isə hər yeməyə zülal əlavə etməyi tövsiyə edir. Əgər yeməkdə zülal, yağ, lif və karbohidrat balanslıdırsa, qlükoza səviyyəsi sabit qalır və enerji daha uzun müddət qorunur.
O, mitoxondrilərin fəaliyyətini dəstəkləyən və bədənə gənclik bəxş edən qidaları da vurğulayır: göyərti, balqabaq tumu, yağlı balıq, giləmeyvə, zeytun yağı, yaşıl çay, brokoli və digər xaççiçəkli tərəvəzlər.
Ceymsin sözlərinə görə, yeganə ciddi qadağa emal olunmuş qidalardan imtinadır. Hətta çörəyini belə özü hazırlayır.
Sonda diyetoloq fiziki aktivliyin vacibliyini vurğulayıb və məşqlərə çəki ilə işləməyin də əlavə olunmasını tövsiyə edib.
Tərcümə: Könül Oruc