Xərçəngin erkən diaqnostikası sağalma şansını əhəmiyyətli dərəcədə artırır. Müxtəlif xərçəng növlərinin özünəməxsus əlamətləri olsa da, bəzi ümumi simptomlar var ki, onların vaxtında aşkarlanması həyati önəm daşıyır.
E-saglam.az bildirir ki, həkim-onkoloq Tejinder Kataria xəbərdarlıq edir ki, bir çox insan bu əlamətləri ciddiyə almır və nəticədə diaqnoz gecikə bilər.
Mütəxəssis aşağıdakı 10 əlaməti xüsusilə izləməyi tövsiyə edir:
Səbəbsiz arıqlama
Əgər son həftələrdə pəhriz və məşq etmədən 4-5 kiloqram və ya daha çox çəki itirmisinizsə, bu, mədə, mədəaltı vəzi, yemək borusu və ya ağciyər xərçənginin əlaməti ola bilər.
Daimi yorğunluq
Yaxşı istirahətə baxmayaraq tükənmişlik hissi qan xərçənginin (leykoz və ya limfoma) göstəricisi ola bilər.
Şiş və ya kütlələr
Boyun, qoltuqaltı və qasıq nahiyəsində hiss edilən topa və ya şişlər limfoma, süd vəzi və testis xərçənginin ilkin göstəricisi ola bilər.
Dəridə və xallarda dəyişiklik
Mövcud xalların rəng, forma və ölçüsündə dəyişiklik, qanama və ya qaşınma dəri xərçəngi riski yaradır. ABCDE qaydası ilə dəyişiklikləri izləmək tövsiyə olunur.
Səbəbsiz qanamalar
Nəcis, sidik, qusuntu və ya öskürəkdə qan olması – eləcə də tez-tez burun qanaması – daxili orqan xərçəngi və ya leykemiya əlaməti ola bilər.
Daimi öskürək və səs dəyişiklikləri
Xüsusilə qanlı və quru öskürək uzun müddət davam edirsə, bu ağciyər və ya boğaz xərçənginin xəbərçisi ola bilər.
Udma çətinliyi və həzmsizlik
Davamlı ürək yanması, udma problemi və diskomfort boğaz və mədə xərçəngi ilə bağlı ola bilər.
Bağırsaq və sidik vərdişlərində dəyişikliklər
Daimi qəbizlik, ishal, sidik ifrazında ağrı və ya qanın görünməsi kolon, prostat və ya sidik kisəsi xərçənginə işarə edə bilər.
Səbəbsiz ağrılar
Əsasən bel, qarın və sümüklərdə uzunmüddətli ağrılar daxili orqanlarda və ya sümükdə şişin olması ilə bağlı ola bilər.
Gecə tərləmələri və təkrarlanan infeksiyalar
Səbəbsiz gecə tərləməsi, az qızdırma və infeksiyalar limfoma və ya leykemiyanın xəbərçisi ola bilər.
Vacibdir: Bu simptomlar başqa xəstəliklərə də işarə edə bilər. Lakin əgər yuxarıdakı əlamətlər bir neçə həftədən çox davam edirsə, onları görməməzlikdən gəlmək olmaz. Vaxtında həkimə müraciət müalicəni xilas edə bilər.
Qeyd: Bu məqalə yalnız maarifləndirici məqsəd daşıyır. Diaqnoz və müalicə üçün həkim məsləhəti vacibdir.
Tərcümə: Könül Oruc