İnci arpa – digər adı ilə mirvari arpa – qədimdən bəri insan qidasında istifadə olunan, lakin bu gün bir çox süfrədən uzaq düşən faydalı taxıl növüdür. Sadə görünsə də, bu taxıl həm kulinariya, həm də sağlamlıq baxımından böyük dəyərə malikdir.
E-saglam.az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru, qastroenteroloq Evgeni Belousov bildirir ki, inci arpa emal olunmuş arpadır, yəni onun qabığı çıxarılıb və cilalanıb. Yumşaq dadı və xüsusi teksturası onu şorba, sıyıq, qarnir və hətta desertlər üçün ideal edir. Əsrlər öncə Misir və Mesopotamiya kimi qədim sivilizasiyalarda arpa gündəlik qidalanmanın əsas hissəsini təşkil edib, hətta rituallarda və valyuta kimi istifadə olunub. Daha sonralar isə Avropada və Rusiyada sadə xalq arasında əsas ərzaq məhsuluna çevrilib.
İnci arpa tərkibində B qrupu vitaminlərini – tiamin, niasin, piridoksin və digər vacib maddələri saxlayır. O həmçinin maqnezium, dəmir, kalium və fosforla zəngindir. Bu taxıl eyni zamanda bitki mənşəli zülal baxımından da dəyərlidir və tərkibindəki "uzun" karbohidratlar sayəsində toxluq hissini uzun müddət qoruyur.
Ən vacib üstünlüklərindən biri isə yüksək lif tərkibidir. Bu xüsusiyyət sayəsində inci arpa həzmi yaxşılaşdırır, bağırsaqları təmizləyir, “pis” xolesterolu azaldır və qan şəkərinin səviyyəsini tənzimləyir. Eyni zamanda, ürək-damar xəstəliklərinin qarşısını almaqda da mühüm rol oynayır.
Orta kalorili olmasına baxmayaraq, uzun müddət toxluq hissi yaratdığı üçün arıqlamaq istəyənlər və ya pəhriz saxlayanlar üçün çox uyğun seçimdir. Vegetarianlar və veganlar üçün isə zülal ehtiyacını ödəmək baxımından faydalı alternativdir.
Lakin hər faydalı qida kimi, inci arpanın da bəzi diqqət edilməli tərəfləri var. Alergiyası olan şəxslər üçün riskli ola bilər. Həmçinin birdən-birə çox miqdarda lif qəbul etmək bəzi insanlarda şişkinlik və ağırlıq kimi mədə-bağırsaq şikayətlərinə səbəb ola bilər. Bundan əlavə, arpanın tərkibində fitik turşusu adlı maddə olur ki, bu da dəmir və sink kimi mineralların mənimsənilməsini azalda bilər. Bu təsiri azaltmaq üçün arpa bişirməzdən əvvəl suda isladılmalıdır.
İnci arpanı bişirməyin yolları müxtəlifdir. Klassik üsulla, əvvəlcədən bir gecə suda saxlayıb sonra 3:1 nisbətində suda 30-40 dəqiqə bişirməklə dadlı və yumuşaq qarnir hazırlamaq mümkündür. Göbələk, soğan, yerkökü, göyərti ilə uyğunlaşır. Şorbalar, güveçlər və salatlar üçün əla əsasdır. Hətta bal, quru meyvə və qozla birgə bişirildikdə dadlı desert alınır. Ədviyyatlar, sarımsaq və bulyon əlavə olunduqda isə inci arpa daha zəngin bir dada sahib olur.
Tərcümə: Könül Oruc