Süd, orqanizm üçün zülal, vitamin və mineralların təbii mənbəyidir. Lakin mağazalarda müxtəlif yağ tərkibli süd məhsulları arasında seçim etmək bəzən çətin olur.
E-saglam.az xəbər verir ki, Beynəlxalq İnteqrativ Qidalanma İnstitutunun təsisçisi Nata Qonçar südün yağ tərkibi ilə bağlı əhəmiyyətli məqamları izah edib.
Süd yağının faydaları
Süd yağı A, D, E vitaminləri, faydalı yağ turşuları, lesitin və kolinlə zəngindir. Bu maddələr yaddaş, sinir sistemi və immunitet üçün vacibdir. Süd həm də bədəndə düzgün metabolizmin saxlanmasına, bağırsaq mikroflorasının dəstəklənməsinə və iltihabın azalmasına kömək edir.
Yağ tərkibinə görə süd növləri
1. Yağsız süd (0%-1%)
Ən az kalorili, lakin eyni zamanda vitamin və kalsium baxımından daha kasıbdır. Ancaq pəhriz və ya tibbi səbəblərlə istifadə oluna bilər.
2. Aşağı yağlı süd (1%-2%)
Orta kalorili və yumşaq dadlıdır. Faydalı maddələri qoruyur, lakin bəzən süd yağının bədəndə yaratdığı müsbət təsirləri tam təmin etmir.
3. Orta yağlı süd (2.5%-3.2%)
Ən optimal seçimdir. Kalsium, vitaminlər və enerji baxımından balanslıdır. Orqanizm üçün faydalı olan ödqovucu təsirə malikdir. Əgər sağlamlıqda ciddi problem yoxdursa, gündəlik olaraq 2.5-3.2% yağlı süd tövsiyə olunur.
4. Yağlı süd (4.5% və daha çox)
Çox az hallarda mağazalarda olur, əsasən kənd südü bu qrupa daxildir. Lakin bəzi hallarda istehsalçılar yağı süni şəkildə artırırlar.
Kimlər süd içməməlidir?
Süd bu hallarda tövsiyə edilmir:
- Laktoza dözümsüzlüyü
- Süd zülalına allergiya (kazein)
- Sidik daşı və öd daşı xəstəlikləri
- Piylənmə və maddələr mübadiləsi pozğunluğu
Əgər xüsusi tibbi göstəriş yoxdursa, orta yağlı (2.5%-3.2%) süd ən sağlam və balanslı seçim sayılır. Südü təzə, qısa rəf ömrü olan və etibarlı markalardan almaq tövsiyə olunur.
Tərcümə: Könül Oruc