Qarpız yay aylarında ən çox seçilən meyvələrdən biridir. Tərkibində yüksək miqdarda su və faydalı maddələr olan bu meyvə yalnız sərinləşdirici deyil, eyni zamanda sağlamlıq üçün də çoxsaylı faydalar təqdim edir. Gündəlik istehlak edildikdə qarpız ürək sağlamlığını dəstəkləyir, əzələlərin bərpasına kömək edir və həzmi yaxşılaşdırır.
E-saglam.az xəbər verir ki, təxminən 92% sudan ibarət olan qarpız isti havalarda bədəni nəmləndirmək üçün ideal qidadır. Eyni zamanda tərkibində kalium və maqnezium kimi elektrolitlər var ki, bunlar əzələ kramplarının qarşısını alır və enerji verir.
Qarpız likopen, beta-karoten və C vitamini ilə zəngindir. Bu maddələr oksidləşdirici stressi azaldır, iltihab əleyhinə təsir göstərir və həm də dəriyə müsbət təsir edir. Dəri günəşdən qorunur, immunitet güclənir və kollagen istehsalı artır.
Qan təzyiqinin tənzimlənməsi də qarpızın digər vacib təsirlərindəndir. Sitrulin və kalium qan damarlarının genişlənməsinə, dövranın yaxşılaşmasına və təzyiqin azalmasına yardım edir.
Qarpızda olan L-sitrulin adlı amin turşusu məşqdən sonra əzələ ağrılarının azalmasına kömək edir. Bu, əzələ bərpası üçün təbii dəstəkdir.
Çəki nəzarətində də qarpız əhəmiyyətlidir. Aşağı kalorili və su-lif tərkibli olduğu üçün tez toxluq hissi verir və artıq kalori yığılmasının qarşısını alır. Tədqiqatlar göstərir ki, qəlyanaltı əvəzinə qarpız yemək aclığı azalda və bədən çəkisini sabit saxlaya bilər.
Bağırsaq sağlamlığı üçün də qarpız faydalıdır. Su və lif tərkibi qəbizliyin qarşısını alır, həzmi dəstəkləyir və faydalı bakteriyaları qidalandırır.
Saç və dəri sağlamlığına təsiri də qeyd edilməlidir. A, B6 və C vitaminləri kollagenin sintezini dəstəkləyir, antioksidantlar isə gözləri yaşla bağlı zədələrdən qoruyur.
Qarpızın qabığı və tumları da faydalıdır. Qabığı lif və sitrulinlə zəngindir, tumlar isə maqnezium, dəmir və sağlam yağlarla doludur. Bunlar salat, smuzi və ya qəlyanaltı olaraq istifadə edilə bilər.
Şirin dadına baxmayaraq, qarpızın qan şəkərinə təsiri çox yüksək deyil. Ölçülü və digər qidalarla birlikdə istehlak edildikdə, hətta diabet xəstələri üçün də təhlükəsiz sayılır.
Qarpız sağlam və balanslı qidalanmanın ləzzətli bir hissəsi ola bilər. Lakin hər hansı tibbi probleminiz varsa və ya qarpızın sizə uyğun olub-olmadığına əmin deyilsinizsə, həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.
Tərcümə: Könül Oruc