Tibbi xəbərlər
İsti havalarda idman
Tibbi xəbərlər
149

İsti havalarda idman risklidir - həkim danışdı

İsti yay günlərində idman fəaliyyətinə başlamazdan əvvəl bədənin vəziyyəti və ətraf mühitin temperaturu nəzərə alınmalıdır.

E-saglam.az xəbər verir ki, terapevt və kardioloq, Avropa Kardiologiya Cəmiyyətinin və Amerika Ürək Assosiasiyasının üzvü Yaroslav Aşıxmin bildirib ki, 30°C və daha yuxarı temperaturda məşqə başlamamışdan əvvəl ehtiyatlı olmaq lazımdır.

Həkimin sözlərinə görə, əgər bir insan əvvəllər isti havada məşq etməyibsə, bu cür şəraitdə idmandan çəkinmək daha məqsədəuyğundur. “Əsas məsələ pasport yaşı deyil, bioloji hazırlıq səviyyəsidir. Əgər kimsə illərlə istidə yarımarafon qaçıbsa, bu, fərqli məsələdir. Amma hazırlıqsız bir insan üçün qısa müddətli fiziki yüklənmə belə ciddi problemlərə səbəb ola bilər”, – deyə o xəbərdarlıq edib.

Aşıxmin əlavə edib ki, isti havada susuzlaşmanın qarşısını almaq vacibdir. Lakin çoxlu izotonik içkilərin qəbulu da düzgün deyil – bu, suyun hüceyrələrə həddindən artıq yığılmasına səbəb ola bilər. “Bədən suya qənaət etməyə başlayanda tər ifrazı azalır, bu da termorequlyasiya sistemində pozulmalara gətirib çıxarır”, – deyə o bildirib.

Həkim susuzlaşmanın sadə üsulla müəyyən edilə biləcəyini qeyd edib: biləkdə dərini yığaraq buraxın, əgər 3 saniyə ərzində dəriniz əvvəlki vəziyyətinə qayıtmırsa, bu, susuzlaşmanın göstəricisidir.

Xüsusilə uşaqlar və yaşlılar isti havada idmandan çəkinməlidirlər. “35°C və yuxarı temperaturlarda idman fəaliyyəti ümumiyyətlə tövsiyə olunmur. Belə havalarda daha çox kölgəli yerlərdə, sərin saatlarda fiziki aktivlik seçilməlidir”, – deyə Aşıxmin vurğulayıb.

Həkim əlavə edib ki, yüksək rütubət də bədənin istiliyi tənzimləmək qabiliyyətini zəiflədir və bu, istivurma riskini daha da artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun