Qidalanma
İstidə bu yeməkləri çatdırılma ilə sifariş etmək təhlükəlidir -
Qidalanma
238

İstidə bu yeməkləri çatdırılma ilə sifariş etmək təhlükəlidir - Qastroenteroloq xəbərdarlıq etdi

Yay aylarında bəzi yeməkləri çatdırılma ilə sifariş etmək sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, qastroenteroloq Evgeni Belousov bu barədə “İzvestiya”ya danışaraq ən riskli məhsulları sadalayıb.

Həkimin sözlərinə görə, isti havalarda saxlama və daşınma zamanı temperatur nəzarəti çox önəmlidir. Bu səbəbdən çiy ət, balıq və dəniz məhsullarından hazırlanan yeməklər — məsələn, karpaççio, tartar, seviche, istridyə, suşi və çiy balıqla hazırlanan rulonlar — təhlükə yaradır. Belousov bildirib ki, hətta çatdırılma mükəmməl təşkil olunsa belə, məhsul ilkin olaraq təzə deyilsə və mühit çox istidirsə, bakteriyalar sürətlə çoxala bilər.

Mütəxəssis həmçinin mayonezli salatların yayda xüsusilə təhlükəli olduğunu deyib. Onun fikrincə, mayonez köhnə tərəvəzlərin dadını gizlədir və bakteriyaların çoxalması üçün ideal mühit yaradır. Meyvə salatları və dilimlənmiş meyvələr də yüksək temperaturda tez xarab olur. Eyni risk kremli və zülallı desertlər üçün də keçərlidir.

Belousov yayda daha təhlükəsiz seçim kimi bişmiş yeməkləri məsləhət görür: pizza, qızardılmış və ya bişmiş ət və balıq, isti yeməklərlə təqdim olunan yan yeməklər, kremsiz piroqlar və ayrıca qablaşdırılmış desertlər.

O həmçinin vurğulayıb ki, hətta qaynadılmış kartof belə əgər vaxtında hazırlanmayıb və düzgün saxlanmayıbsa, zəhərlənmə riski yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun