Psixologiya
Mütəxəssislər fərdi inkişaf marafonlarının təhlükələri barədə
Psixologiya
188

Mütəxəssislər fərdi inkişaf marafonlarının təhlükələri barədə xəbərdarlıq etdilər

Nevroloq və psixiatr Anastasiya Juravskaya fərdi inkişaf marafonlarının psixi sağlamlığa mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, o, Lenta.ru-ya verdiyi açıqlamada bildirib ki, insan özünü daim yorğun və enerjisiz hiss edirsə, bu, sadəcə motivasiya çatışmazlığı deyil, ciddi psixi vəziyyətlərin göstəricisi ola bilər.

Həkimin sözlərinə görə, gücsüzlük, həyat sevinci və marağın itməsi kimi hallar tez-tez astenik sindrom və ya depressiyanın əlaməti kimi ortaya çıxır. Bu hallarda isə bədən və zehin dincəlməyə, stressin azaldılmasına ehtiyac duyur.

Juravskaya bildirib ki, aqressiv və motivasiyaedici üsullarla keçirilən fərdi inkişaf marafonları bu cür hallarda yalnız müvəqqəti yaxşılaşma hissi yarada bilər, amma nəticədə psixi vəziyyəti daha da ağırlaşdıra bilər. O, bu cür marafonları sinir sistemini süni şəkildə stimullaşdıran kofeinə bənzədib: resurslar bərpa olunmur, əksinə daha tez tükənir.

Mütəxəssis həmçinin vurğulayıb ki, depressiya halında dərman müalicəsi, psixoterapiya və normal iş-istirahət rejiminin bərpası vacibdir. Əks halda, xüsusilə bipolyar pozğunluğu olan şəxslərdə bu cür marafonlar hipomaniya epizodlarını tətikləyə bilər ki, bu da daha sonra dərin depressiya ilə əvəz oluna bilər.

Juravskaya insanları belə təşəbbüslərə qatılmamazdan əvvəl psixi vəziyyətlərini obyektiv şəkildə dəyərləndirməyə və zərurət olduqda mütəxəssisə müraciət etməyə çağırıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun