Sağlamlıq
Dondurma yeyərkən niyə dişimiz sızlayır?
Sağlamlıq
104

Dondurma yeyərkən niyə dişimiz sızlayır? ARAŞDIRMA

Elm adamları dondurma və ya çox soyuq içkilərin bəzi insanlarda niyə kəskin diş ağrısına səbəb olduğunu araşdırıb.

E-saglam.az xəbər verir ki, onlar dişlərdə temperatur dəyişikliyini hiss edən və ağrını işə salan hüceyrə və siqnalları müəyyən ediblər.

Diş çürüyü olanlarda bu yol açıq olduğu üçün ağrı riski daha yüksəkdir. Tədqiqatçılar yeni diş məcunları, diş lentləri və saqqızlar üçün potensial müalicə hədəfi tapdıqlarını bildirirlər.

Almaniyanın Erlangen–Nürnberg Friedrich-Alexander Universitetindən Prof. Katharina Zimmermann və komandası bu mexanizmi TRPC5 adlı molekulla əlaqələndirib. Onlar bunun odontoblast adlanan hüceyrələrdə yerləşdiyini aşkar ediblər. Bu hüceyrələr dişin daxili pulpası ilə sərt təbəqəsi – mina və dentin arasında yerləşir.

Mina hissizdir, amma dentin sinirlərlə bağlıdır. Dentin çürük və ya diş əti xəstəliyi nəticəsində açıldıqda soyuq, istilik və ya müəyyən mayelər ağrı yaradır.

Tədqiqatda həm insan, həm də siçan dişləri öyrənilib. Çürük dişlərdə TRPC5 kanallarının daha çox olduğu görülüb. Bu səbəbdən alimlər lokal şəkildə tətbiq edilə biləcək TRPC5 bloklayıcılarının (məsələn, diş lentləri və ya saqqız formasında) gələcəkdə diş ağrısı və həssasiyyətin müalicəsində faydalı ola biləcəyini düşünürlər.

Maraqlıdır ki, çoxdan istifadə edilən mixək yağı da TRPC5 yolunu bloklayan eugenol adlı maddə ehtiva edir. Ancaq alimlər ev üsullarını tövsiyə etmir və davamlı ağrısı olanların mütləq diş həkiminə müraciət etməsini vurğulayırlar.

İngiltərə Diş Həkimləri Assosiasiyasından Prof. Damien Walmsley isə bildirir: “Ağrını bloklamaq yalnız müvəqqəti rahatlıq verir. Əsas məsələ səbəbi müalicə etməkdir. Diş həkimi çürüyü aradan qaldıraraq problemi həll edə bilər və həssas dişlər üçün uyğun diş məcunu tövsiyə edə bilər.”

Mütəxəssislər gələcəkdə TRPC5 bloklayıcı maddələrin diş məcunlarına əlavə edilə biləcəyini deyirlər.

Tədqiqat Alman Araşdırma Fondu və ABŞ-dakı Howard Hughes Tibb İnstitutu tərəfindən maliyyələşdirilib.

Mütəxəssislər əlavə edir: diş çürüməsi əsasən şəkərli və ya turşulu qidaların tez-tez istifadəsindən yaranır. Bu səbəbdən belə məhsulları gündəlik qidalanmada məhdudlaşdırmaq tövsiyə olunur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun