Xəbərlər
"Ögey ana"nın Dilarəsi, "Əhməd haradadır?"ın Nərgiz xalası -
Xəbərlər
130

"Ögey ana"nın Dilarəsi, "Əhməd haradadır?"ın Nərgiz xalası - Nəcibə Məlikovanın anım günüdür

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Nəcibə Məlikovanın vəfatından 33 il ötür.

E-saglam.az xatırladır ki, Nəcibə Haşım qızı Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna qəsəbəsində anadan olub. İlk təhsilini Bakıda alıb. 1940-1943-cü illərdə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfində təhsil alıb.

Nəcibə Məlikova öz istəyilə Gəncə Dövlət Dram Teatrına işləməyə gedib, burada bir neçə tamaşada çıxış etdikdən sonra Bakıya qayıdaraq yeni yaradılmış Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali təhsilini başa vurub. Texnikumda təhsil aldığı illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında epizodik rollar ifa edən aktrisa, 1952-ci ildən etibarən bu teatrda fəaliyyətini davam etdirib.

Nəcibə Məlikova həm klassik, həm də çağdaş Azərbaycan dramaturqlarının və dünya ədiblərinin əsərlərində uğurla çıxış edib. Oynadığı tamaşalar sırasında Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım, Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) əsərləri yer alır.

Aktrisa eyni zamanda, kinoda da yaddaqalan rollar ifa edib. "Ögey ana" filmində Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da isə Nərgiz xala rolları onun yaradıcılıq uğurları sırasında göstərilir.

Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

O, 1992-ci il iyulun 27-də Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun