Psixoloqlar Sənam Hafiz və Tom MakDonaq mübahisə zamanı qarşı tərəfi qıcıqlandıran, vəziyyəti daha da pisləşdirən ifadələri açıqlayıblar.
E-saglam.az xəbər verir ki, onların fikirlərini Daily Mirror yayımlayıb.
Psixoloq Tom McDonough qeyd edib ki, “sən həmişə...” və ya “sən heç vaxt...” ilə başlayan ifadələr qarşı tərəfi müdafiəyə keçməyə məcbur edir. Bu cür ümumiləşdirmələr, reallığı şişirtməklə yanaşı, ünsiyyəti pozur və dialoqu münaqişəyə çevirir.
McDonough eyni zamanda bildirir ki, “sakitləş” kimi ifadələrdən də mübahisə zamanı çəkinmək lazımdır. Bu ifadə problemi situasiyanın özündə deyil, qarşı tərəfin reaksiyasında görmək kimi qəbul olunur və bu da anlaşılmazlığı artırır.
Psixoloq Sənam Hafiz isə əlavə edib ki, “unut getsin” və “incimə, amma...” kimi ifadələr də təhlükəlidir. Birincisi qarşı tərəfə onun fikirlərinin önəmsiz olduğunu hiss etdirir, ikincisi isə adətən ardınca gələn təhqirləri gizlətmək məqsədi daşıyır.
Mütəxəssislər “mən sadəcə zarafat edirdim” cümləsini də problemli sayırlar. Bu ifadə məsuliyyətdən yayınmaq üçün istifadə olunur və təhqiredici davranışın üzərini örtmək məqsədi daşıya bilər. McDonough-un sözlərinə görə, belə yanaşma münasibətlərdə etibarın azalmasına səbəb olur.
“Bəzən yalnız üzr istəmək və məsuliyyəti qəbul etmək kifayətdir”, – deyə o vurğulayıb.
Tərcümə: Könül Oruc