Adətən infarkt deyəndə ağla sinə ağrısı gəlir.
E-saglam.az xəbər verir ki, amma kardiologiya Mütəxəssisi dosent doktor Mehmet Fatih Yılmaz bildirir ki, infarkt sinədənkənar simptomlarla da özünü göstərə bilər. Bunlara bel ağrısı, təngnəfəslik, ürək döyüntüsü, ürəkbulanma, soyuq tər və çənəyə yayılan ağrılar daxildir.
Gənclər arasında infarkt artır
Həkim qeyd edir ki, son illərdə infarkt hallarına 30 yaşlarında olan şəxslər arasında daha tez-tez rast gəlinir. Bunun səbəbləri arasında:
-
Oturaq həyat tərzi
-
Qeyri-sağlam qidalanma
-
Siqaret və maddə istifadəsi
-
Genetik meyillər yer alır.
Xüsusilə şəkər xəstələrində təhlükəli “səssiz infarkt” riski var
Şəkər xəstələrində “səssiz infarkt” deyilən vəziyyətə tez-tez rast gəlinir. Bu zaman xəstə ağrı hiss etmədiyi üçün həkimə gec müraciət edir. Bu isə daha ağır fəsadlar – ritm pozuntuları, ani ölüm riski ilə nəticələnə bilər.
Mədə ağrısı zənn edilə bilər
Bəzi hallarda sinədə təzyiq, yanma hissi mədə problemi kimi başa düşülür. Amma bu da infarktın xəbərçisi ola bilər. Xüsusilə hipertoniya, yüksək xolesterin, siqaret çəkilməsi, ailədə ürək xəstəliyi tarixçəsi kimi risk faktorları varsa, bu əlamətləri ciddiyə almaq vacibdir.
İlk saatlar çox önəmlidir
İnfarkt zamanı ilk dəqiqələr və saatlar çox əhəmiyyətlidir. Erkən diaqnoz və vaxtında tibbi yardım ürəyin zədələnməsinin qarşısını ala bilər. Belə simptomlar başlayan kimi, xüsusilə şəkərli diabet, hipertoniya, siqaret istifadəsi, ailəvi ürək xəstəliyi olan şəxslər dərhal həkimə müraciət etməlidir.
Profilaktika vacibdir
Həkim tövsiyə edir ki, 40 yaşdan yuxarı və risk faktoru olan insanlar ildə bir dəfə ürək müayinəsindən keçməlidirlər, hətta əlamət olmasa belə. Şikayətləri görməzdən gəlmək infarkt riskini artırır, vaxtında müdaxilə isə həyat qurtara bilər.
Tərcümə: Könül Oruc