Faydalı
Təbiətin güclü maqnezium, kalsium və antioksidant mənbəyi:
Faydalı
94

Təbiətin güclü maqnezium, kalsium və antioksidant mənbəyi: Ürəyi qoruyur, qan şəkərini tarazlayır

Əjdaha meyvəsi (pitahaya) tünd çəhrayı qabığı və içi ağ və ya qırmızı xallı olması ilə yalnız ekzotik görünüşü ilə deyil, həm də sağlamlığa faydaları ilə seçilir.

E-saglam.az-ın məlumatına görə, vətəni Meksika, Mərkəzi və Cənubi Amerika olan bu tropik meyvə bu gün dünyanın bir çox bölgəsində — Asiyadan Karib dənizinə, ABŞ-dən Avstraliyaya qədər yetişdirilir.

Elmi araşdırmalar əjdaha meyvəsinin həzm və ürək sağlamlığından immunitetə, dəri və sümük sağlamlığından qan şəkərinin idarəsinə qədər bir çox sahədə müsbət təsirə malik olduğunu göstərir.

Antioksidantlarla zəngindir

Tərkibindəki C vitamini, betalainlər, flavonoidlər və fenolik birləşmələr hüceyrələri sərbəst radikallardan qoruyur. Bu isə ürək xəstəlikləri və xərçəng kimi xroniki problemlərin riskini azalda bilər.

Bağırsaq və immunitet dəstəyi

Yüksək lif və prebiyotik tərkibi sayəsində faydalı bağırsaq bakteriyalarının çoxalmasına kömək edir, immun sistemini gücləndirir. Antimikrobiyal xüsusiyyətləri isə bakteriya və göbələk artımının qarşısını ala bilər.

Sümük sağlamlığı və enerji

Maqnezium və kalsiumla zəngin olan əjdaha meyvəsi sümük və əzələ funksiyalarını dəstəkləyir, gündəlik enerji balansına töhfə verir.

Qan şəkəri və ürək sağlamlığı

Xüsusilə qırmızı ətli sortlar insulinə həssaslığı artıraraq prediyabetdə faydalı ola bilər. Eyni zamanda, lif və antioksidantlar pis xolesterolu (LDL) azaldır, damar elastikliyini yaxşılaşdırır və qan dövranını dəstəkləyir.

Çəki və dəri üçün faydalıdır

Aşağı kalorili və liflə zəngin olması toxluq hissi yaradır, çəki idarəsinə kömək edir. Tərkibindəki C vitamini və antioksidantlar isə kollagen istehsalını artıraraq qırışları azalda, dərini daha parlaq göstərə bilər.

Mütəxəssislərin fikrincə, xüsusilə qırmızı sortları betasiyanin və likopenlə daha zəngindir. Əjdaha meyvəsini təzə halda, smoothies, salat və desertlərdə istifadə etmək mümkündür. Lakin çox istehlak edildikdə bəzi insanlarda həzm narahatlığına səbəb ola biləcəyi üçün miqdarına diqqət yetirmək məsləhətdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun