Gündəlik həyatda tez-tez rast gəlinən tər qoxusu insanların özünəinamını azaldır və sosial münasibətlərə mənfi təsir göstərir.
E-saglam.az xəbər verir ki, bu problemə qarşı təbii həll yolları axtaranlar üçün diqqətçəkən məhsullardan biri — duz sabunu — son zamanlar böyük maraq qazanıb. Mütəxəssislər bildirirlər ki, bu sabun yalnız tər qoxusunu deyil, ekzema, sedef və göbələk kimi dəri problemlərini də yüngülləşdirə bilər.
Tərkibi tamamilə təbii və minerallarla zəngindir
Adətən Himalay və ya dəniz duzundan hazırlanan duz sabunu heç bir kimyəvi qatqı ehtiva etmir. Tərkibindəki zəngin minerallar sayəsində dərini dərindən təmizləyir, məsamələri açır və yağ balansını tənzimləyir. Bu səbəbdən də həm gündəlik dəri təmizliyi, həm də müxtəlif dəri xəstəlikləri üçün təbii vasitə kimi istifadə edilir.
Tər qoxusunun qarşısını alır
Duz sabunu antibakterial xüsusiyyətə malik olduğu üçün tər qoxusuna səbəb olan bakteriyaların yaranmasını əngəlləyir. Davamlı istifadə zamanı pis qoxular azalır və dəridə uzunmüddətli təmizlik və təravət hissi qalır. Sabun eyni zamanda ölü dəri hüceyrələrini təmizləyərək dəriyə parlaqlıq və canlılıq verir.
Sızanaq və dəri xəstəliklərinə qarşı təsirlidir
Araşdırmalar göstərir ki, duz sabunu sızanaqlara qarşı da faydalıdır. O, məsamələrdəki bakteriyaların çoxalmasının qarşısını alaraq iltihab və sızanaqları azaldır. Ekzema, sədəf və göbələk kimi dəri xəstəliklərinin yaratdığı qaşınma, qızartı və quruluğu da yüngülləşdirdiyi qeyd olunur.
Dəri tonunu bərabərləşdirir və nəm balansını qoruyur
Duz sabunu dərinin nəmliliyini tarazlaşdırır və ton fərqlərini azaldır. Tərkibindəki təbii maddələr sayəsində dərinin özünü bərpa etməsini stimullaşdırır. Müntəzəm istifadə zamanı detoks effekti yaradaraq dərini daha sağlam və canlı göstərir.
Həssas dəri sahibləri üçün diqqətli istifadə vacibdir
Mütəxəssislər xəbərdarlıq edir ki, duz sabunu təbii tərkibli olsa da, hər dəri tipinə uyğun olmaya bilər. Xüsusilə həssas və quru dəriyə malik şəxslər bu sabundan istifadə etməzdən əvvəl dermatoloqla məsləhətləşməlidirlər.
Tərcümə: Könül Oruc