Min illərdir həm mətbəxlərdə dadlandırıcı kimi, həm də xalq təbabətində şəfa mənbəyi olaraq istifadə edilən sarımsaq sağlamlıq üçün əvəzsiz faydalar təqdim edir. Amma bu təsirlərdən maksimum yararlanmaq üçün sarımsağın düzgün formada istehlak edilməsi vacibdir.
E-saglam.az xəbər verir ki, sarımsağın güclü antioksidant tərkibi onu xərçəngə qarşı təbii müdafiə vasitəsinə çevirir. Çində aparılan genişmiqyaslı araşdırmada çiy sarımsağı həftədə ən azı iki dəfə yeyən şəxslərdə bəzi xərçəng növlərinə tutulma riskinin 50 faiz azaldığı aşkarlanıb.
Ürək və şəkər xəstələri üçün faydalıdır
Sarımsaq təkcə infeksiyalardan deyil, həm də ürək-damar xəstəliklərindən qoruyur. Klinik araşdırmalara görə, sarımsaq ekstraktı metforminlə birlikdə qəbul edildikdə, 2-ci tip şəkərli diabetli şəxslərdə daha yaxşı qlükoza nəzarəti müşahidə olunur. Bundan əlavə, LDL (pis xolesterin) və trigliserid səviyyələrini də aşağı salır.
Güclü antibakterial təsir
Sarımsaq bəzi qida zəhərlənmələrinə səbəb olan bakteriyalara qarşı ənənəvi antibiotiklərdən daha təsirli ola bilər. Bu səbəbdən də onu təbii immunitet gücləndirici kimi qəbul etmək olar.
Oynaq sağlamlığına dəstək
Tərkibindəki diallil disulfid maddəsi oynaq toxumalarını qoruyaraq artrit riskini azaldır. Sarımsaq soğan və pırasa kimi tərəvəzlərlə birlikdə qəbul edildikdə bu təsir daha güclü olur.
Necə istifadə olunmalıdır?
Sarımsağın faydalı təsirlərini əldə etmək üçün onu çiy və əzilmiş formada istehlak etmək tövsiyə olunur. Əzmə prosesi zamanı allisin və hidrogen sulfid kimi maddələr yaranır – bunlar qan dövranını tənzimləməyə və damarları qorumağa kömək edir.
Yüksək temperatur faydasını azaldır
Sarımsaq bişirildikdə xüsusilə yüksək istilikdə faydalı birləşmələrinin bir çoxunu itirir. Bu səbəbdən çiy şəkildə istifadə etmək sağlamlıq baxımından daha üstündür.
Nəfəs qoxusuna qarşı nə etməli?
Çiy sarımsağın qoxusundan narahat olanlar üçün südlə birlikdə yemək tövsiyə olunur. Araşdırmalar göstərir ki, bu üsul ağız qoxusunu əhəmiyyətli dərəcədə azaldır.
Tərcümə: Könül Oruc