Tibbi xəbərlər
Uşağınız gecə dişlərini sıxırsa, diqqət!
Tibbi xəbərlər
269

Uşağınız gecə dişlərini sıxırsa, diqqət! Sağlamlığı təhlükədə ola bilər

Uşaqlarda gecə diş sıxma və ya diş qıcırdatması zərərsiz bir vərdiş deyil.

E-saglam.az xəbər verir ki, pedodontiya üzrə mütəxəssis dosent doktor Aslı Patır Münevveroğlunun sözlərinə görə, bu vəziyyət müalicə olunmadıqda həm fiziki inkişafı, həm də psixoloji sağlamlığı mənfi təsir altına ala bilər.

"Bruksizm" kimi tanınan diş sıxma problemi çənə quruluşunun pozulmasına, dişlərin daimi zədələnməsinə, baş və qulaq ağrılarına səbəb ola bilər. Münevveroğlu bildirib ki, bu, yalnız fiziki deyil, həm də uşağın yaşadığı stress və daxili narahatlıqların əlaməti kimi ortaya çıxır və ümumi əhvalına mənfi təsir göstərir.

Ən çox rastlanan əlamətlər sırasına gecə diş qıcırdatma səsləri, səhər oyananda baş və çənə ağrısı, dişlərdə həssaslıq və sürtünmədən yaranan aşınmalar daxildir. Uşağın gündəlik həyat keyfiyyəti də bu simptomlarla birlikdə pozula bilər.

Diş sıxmanın səbəbləri arasında stress və narahatlıq pozuntuları, genetik meyllər, allergik reaksiyalar, çənə quruluşundakı pozğunluqlar və yanlış ağız vərdişləri yer alır. Mütəxəssis vurğulayır ki, bütün bu amillər içində ən önəmlisi stressdir. Xüsusilə emosional baxımdan həssas uşaqlar yaşadıqları gərginliyi gecə diş sıxaraq ifadə edə bilərlər. Bu səbəbdən valideynlər diqqətli olmalı və uşaqlarında bu davranışı müşahidə etdikdə vaxtında tədbir görməlidirlər.

Diş sıxmanın müalicəsində ilk və ən önəmli addım problemin fərqinə varmaqdır. Əgər uşaq gecə diş sıxır, gün ərzində çənə və baş ağrısından şikayət edirsə, bir uşaq stomatoloquna müraciət edilməlidir. Hər diş sıxma halı dərhal müdaxilə tələb etməsə də, əlamətlər irəlilədikdə gecə üçün xüsusi qoruyucu ağızlıqlar, dərman müalicəsi və psixoloji dəstək kimi üsullarla müdaxilə mümkündür.

Əgər problem vaxtında müalicə olunmazsa, çənə oynaqlarında ağrılar, diş hündürlüyündə azalmalar və estetik pozuntular yarana bilər. Bu səbəbdən valideynlər uşaqlarında bu cür dəyişiklikləri vaxtında müşahidə edib tədbir görməlidirlər. Erkən müdaxilə uşağın həm sağlamlığı, həm də gələcək estetik görünüşü üçün həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun