Alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD) təkcə qaraciyərə deyil, ümumi sağlamlığa da ciddi təsir edir. Xüsusilə gənclər arasında artan bu problem düzgün həyat tərzi ilə qarşısı alına və hətta geri çevrilə bilər.
E-saglam.az xəbər verir ki, mütəxəssislər aşağıdakı 5 vərdişi tövsiyə edirlər:
1. Aralıq dənizi pəhrizinə keçin
Tərəvəz, meyvə, zeytun yağı, qoz-fındıq və balıqla zəngin bu pəhriz qaraciyər yağlanmasını və iltihabı azaldır.
2. Daimi fiziki aktivlik
Həftədə ən az 150 dəqiqə orta tempdə idman — məsələn, sürətli gəzinti — qaraciyər funksiyasını yaxşılaşdırır və insulin həssaslığını artırır.
3. Sağlam arıqlama
Bədən çəkisinin 5-10%-ni azaltmaq qaraciyərə müsbət təsir edir. Sürətli pəhrizlərdən qaçmaq, mərhələli və nəzarətli şəkildə çəki vermək tövsiyə olunur.
4. Şəkər və işlənmiş karbohidratlardan uzaq olun
Şirin içkilər, ağ un və xəmir məmulatları qaraciyərdə yağ yığılmasını artırır. Onların əvəzinə tam taxıllı və aşağı glisemik indeksli məhsullar seçilməlidir.
5. Gündə bir fincan qara qəhvə
Qara qəhvədəki antioksidantlar qaraciyər iltihabını azaldır. Tədqiqatlara görə, gündə bir fincan qəhvə NAFLD riskini 20%-ə qədər azalda bilər.
Həkimlər vaxtında tədbir görülərsə, bu xəstəliyin qarşısının alınmasının və bərpasının mümkün olduğunu vurğulayırlar. Sağlam qidalanma, aktiv həyat tərzi və mütəmadi tibbi müayinə əsas açarlardır.
Tərcümə: Könül Oruc