Yay aylarının çox sevilən və ən çox alınıb-satılan meyvəsi qarpızdır. Sərin, şirin və susuzluğu aparan bu meyvə demək olar ki, hər süfrədə yer alır. Lakin son illərdə artan narahatlıq da var: zəhərlənmə halları...
Yaxın günlərdə sosial şəbəkələrdə yayılan görüntüdə isə qarpızların tərkibində normadan qat-qat çox nitrat olduğu iddia olunur. Əlində cihazla video çəkən şəxslər məhsulu zərərli elan edir, lakin bu testlərin nə qədər dəqiq olduğu da əlavə sual doğurur.
E-saglam.az xəbər verir ki, BAKU.WS məsələ ilə bağlı mütəxəssisə müraciət edib. Qida texnoloqu Ağa Salamov saytımıza açıqlamasında bildirdi ki, əslində bu formada videoları dəqiq hesab etmək olmaz. Çünki bilinmir onun əlində olan qarpız-yemiş hazırda bazarda olan yerli məhsuldur, yoxsa ölkəyə xaricdən idxal olunub? Çəkiliş edən şəxs deməlidir ki, qarpızı hansı satış nöqtəsindən əldə edib:
"Fikir verirsinizsə cihazı yemişdən çıxarıb qarpıza daxil edir. Bu da olduqca yanlış üsuldur. Təlimatda var ki, iynə təmizlənməli və spirtlənməlidir. Əks təqdirdə nitrat dərəcəsini səhv göstərir. Mən demirəm ki, ölkədə bütün qarpızların nitrat səviyyəsi qaydasındadır, xeyr. Təbii ki bu istiqamətdə mütəmadi olaraq reydlər keçirilməlidir. Nitrat səviyyəsi normadan yüksək olan qarpızlar satışdan yığışdırılmalıdır".
Mütəxəssisin sözlərinə görə, ən yaxşı qarpız iyulun sonu avqustun əvvəllərində yetişəndir:
"Qarpızın tərkibi onun harada yetişib, hansı şəraitdə ərsəyə gətirilməsindən də birbaşa asılıdır. Bilinməlidir ki məhsula hansı dərmanlar vurulub. Bəzən görürsən ki fermerlərin doğru bildikləri yanlışlar olur. Onlar dərmanlama prosesində dozanı çox edirlər və s. Bu zaman da məhsul vaxtından tez yetişir və nitrat dozası çox olur. Ən yaxşısı kəndlidən qarpız-yemiş almaqdır. Adətən onlar təbii məhsul satırlar. Ən çox xaricdən gələn qarpızlarda parnik şəraitində yetişdirilir, ya da onların ötən ildən qaldığı bilinmir".
Ekspert bir daha vurğulayıb ki, videonu çəkən adam mütləq məhsulu aldığı yeri bildirməli idi. Həmin şəxs elə danışır ki, sanki satışda olan bütün qarpız-yemişlər belədir:
"Elə deyil axı… Kəndlilər belə şeylərə görə məhsullarını satmaqda çətinlik çəkirlər. Ən çox da işbazların bazara çıxartdığı məhsullarda dərman olur. Hansı ki onların belə dərmanları almağa imkanları çatır. Kəndlinin heç imkanı çatmır ki yabanı otlara və böcəklərə qarşı dərmanlama aparsın. Mən demirəm bunlardan istifadə etmək olmaz. Əlbəttə ki olar sadəcə normal dozasında".
"İndi hərə əlinə bir telefon aləb bilib-bilmədən çəkiliş edib danışır. Mütəxəssislər qalır bir kənarda və hamı hər mövzuya nəsə deyir. Bu halda bizneslərə zərbə vurulur. Təbii ki mən çəkib paylaşıramsa bu işin içindəyəm və nəyin necə baş verdiyini bilirəm. Biz uzun illərdir uşaqlar, yaşlılar, hamilə qadınlar və xəstə insanların tam təhlükəsizliyi üçün maarifləndirmə işləri aparırıq. İstəmərik ki kiməsə ziyan dəysin. Mən video çəkmişdim ki, filan istirahət mərkəzində kanatda problem var. Qapısı açıla və kimsə aşağı düşə bilər. Həmin videoda dəqiq ünvan da demişdim. Yuxarıda göstərilən halda isə qurunun oduna yaş da yanır. Yaxşı olan məhulu satana da ziyan dəyir", - deyə A. Salamov vurğulayıb.