Ağızdan gələn qoxu bəzən dişlərin fırçalanmaması, siqaret və ya qəhvə istehlakı ilə əlaqəli olur. Lakin mütəxəssislər bildirir ki, bəzi nəfəs qoxuları bədəndəki ciddi xəstəliklərin siqnalı ola bilər.
E-saglam.az xəbər verir ki, diş texniki Allen Zhang qeyd edir ki, nəfəs qoxusu, xüsusilə aşağıdakı formalarda müşahidə olunursa, diqqətlə dəyərləndirilməlidir:
Meyvəli və ya aseton qoxusu — bu, nəzarətsiz şəkərli diabetin, xüsusən də diabetik ketoasidozun əlaməti ola bilər.
Metal qoxusu — böyrək funksiyalarının pozulması və ya ağır metal zəhərlənməsinə işarə edə bilər. Bu zaman nəfəsdə ammonyakvari metal dadı hiss oluna bilər.
Balıq qoxusu — nadir rast gəlinən trimetilaminuriya xəstəliyi və ya qaraciyər çatışmazlığı ilə əlaqələndirilir. Xüsusilə fetor hepaticus adlanan vəziyyətdə bu qoxu daha qabarıq olur.
Çürük yumurta qoxusu — mədə-bağırsaq sistemində pozulma, bakterial disbalans və ya həddindən artıq hidrogen sulfid qazı ifrazı ilə bağlıdır.
Kif qoxusu — böyrək və ya qaraciyər çatışmazlığı nəticəsində orqanizmdə toksinlərin yığılması səbəbindən yaranır.
Əgər nəfəsinizdə bu kimi qəribə və davamlı qoxular hiss edirsinizsə, sadəcə ağız yumaqla kifayətlənməyin. Mütləq həkimlə məsləhətləşin. Ağız qoxusu, bədəninizin sizi gizli xəstəliklər barədə xəbərdar etmə üsulu ola bilər.
Tərcümə: Könül Oruc