Tibbi xəbərlər
Ölüm anında bədənin işıq yayması elmi şəkildə təsdiqləndi -
Tibbi xəbərlər
44

Ölüm anında bədənin işıq yayması elmi şəkildə təsdiqləndi - ARAŞDIRMA

Kanadada aparılan diqqətəlayiq elmi araşdırma canlıların ölüm anında zəif bir işıq yaydığını üzə çıxarıb.

E-saglam.az xəbər verir ki, alimlər bu işığın “biofoton” adlanan çox zəif foton emissiyası olduğunu bildirirlər.

Kalqari Universiteti və Kanada Milli Tədqiqat Şurasının mütəxəssisləri siçanlar və bəzi bitki növləri üzərində apardıqları təcrübələrdə müşahidə ediblər ki, canlı orqanizmlər həyatdaykən zəif işıq saçır, lakin ölüm anında bu işıq tamamilə yox olur.

Fizik Vahid Salari və komandası müəyyən ediblər ki, “ultrazəif foton emissiyası” (UPE) adlanan bu fenomen həm heyvanlarda, həm də bitkilərdə mövcuddur. Biofoton mövzusu elmi dairələrdə uzun müddət mübahisəli olub və bəzən fövqəltəbii iddialarla əlaqələndirilsə də, bu araşdırma mövzuya elmi yanaşma gətirərək yeni baxış bucağı təqdim edir.

Alimlərin fikrincə, zəif işığın mənbəyi bədəndə stress zamanı artan reaktiv oksigen növləridir. Təcrübələrdə dörd siçan əvvəlcə sağ ikən qaranlıq qutuda izlənilib, daha sonra isə evtanaziya edilərək eyni şəraitdə yenidən təsvir olunub. Nəticədə ölümdən sonra yayılan fotonların miqdarı kəskin şəkildə azalıb. Oxşar nəticələr Arabidopsis thaliana (siçan qulağı təri) və Heptapleurum arboricola (cırtdan çətir ağacı) üzərində aparılan təcrübələrdə də müşahidə edilib.

Tədqiqatçılar bildirirlər ki, biofoton emissiyası gələcəkdə canlı orqanizmlərin stress səviyyəsini müəyyənləşdirmək üçün mühüm vasitəyə çevrilə bilər. Bu yanaşma insanların və heyvanların sağlamlığının qeyri-invaziv şəkildə izlənməsi üçün yeni imkanlar açır.

Araşdırmanın nəticələri nüfuzlu "The Journal of Physical Chemistry Letters" jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun