Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri yekunlaşıb.
E-saglam.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb.
Qəza baş vermiş xətdə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmalarınən qarşısının alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb.
Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək.
Qurum xüsusilə diqqətə çatdırır ki, irihəcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas vaxt aparan mərhələ - magistral kəmərin boşaldılması və yenidən doldurulması mərhələləridir.
Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunması üzrə işlər davam etdirilir.