Tibbi xəbərlər
Bədəninizdə şişkinlik hiss edirsinizsə, ötəri yanaşmayın –
Tibbi xəbərlər
129

Bədəninizdə şişkinlik hiss edirsinizsə, ötəri yanaşmayın – ödem ola bilər

Mütəxəssis Dr. Füsun Topçugil yay aylarında temperaturun yüksəlməsi ilə əllərdə, ayaq biləklərində və ya üzdə yaranan şişkinliyin əslində ciddi qəbul edilməli olduğunu deyib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu halın əsas səbəbi bədəndə artıq mayenin tutulması – ödem ola bilər.

Bədən niyə ödem saxlayır?

Ödemin yaranmasına hərəkətsizlik, həddindən artıq duz qəbulu, hormonal balanssızlıqlar, az su içmək və bəzi xroniki xəstəliklər səbəb ola bilər. İsti hava da vəziyyəti ağırlaşdırır, çünki damarlar genişlənir və maye toxumalara sızır. Uzun müddət oturan və ya ayaq üstə dayanan insanlarda axşama yaxın ayaqlarda şişkinlik daha çox müşahidə olunur.

Dr. Topçugil bildirir: “Yayda ödem daha çox olur, çünki tərlə itirdiyimiz mayeni bədən müdafiə məqsədilə saxlamağa çalışır”.

Ödemin əsas əlamətləri:

  • Dəriyə barmaqla basıldıqda iz qalması

  • Səhərlər göz qapaqlarında şişlik

  • Topuqlarda ağırlıq və dolğunluq

  • Üzük və bilərziklərin dar gəlməsi

  • Günün sonunda əl-ayaqlarda gərginlik hissi

Qidalar da ödem yarada bilər

Yüksək duzlu yeməklər, fast food, çips, turşu və qazlı içkilər ödem riskini artırır. Xüsusilə yayda tez-tez istehlak olunan duzlu ayran və qablaşdırılmış qidalar bədəndə maye yığılmasına səbəb ola bilər. Əvəzində cəfəri, xiyar, ananas, yaşıl çay, limonlu su, şüyüd və albalı sapı çayı kimi təbii məhsullar artıq mayenin bədəndən atılmasına kömək edir.

Su içmək kifayət deyil – hərəkət vacibdir

Çox su içsəniz belə, hərəkətsizlik limfa dövranını zəiflədir və ödemi aradan qaldırmır. Stol arxasında saatlarla oturmaq və ya hərəkətsiz qalmaq maye yığılmasını artırır. Gündə ən azı 30 dəqiqə gəzinti, ayaqları yuxarı qaldıraraq dincəlmək və yüngül ayaq məşqləri ödemin azalmasına kömək edir.

Ödem ciddi xəstəliyin əlaməti ola bilər

Mütəxəssis xəbərdarlıq edir ki, davamlı şişliklər ürək çatışmazlığı, böyrək və qaraciyər xəstəlikləri, hormonal pozğunluqlar və tiroid problemlərinin göstəricisi ola bilər. Dr. Topçugil deyir:

“Yay istisində yaranan şişkinlik bədənin xəbərdarlıq siqnalıdır. Bu əlamətləri yüngül qəbul etməyin. Sadə görünən ödemlər bəzən daha ciddi xəstəliklərin erkən göstəricisi ola bilər.”

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun