Diyetoloq İrina Popkova qida təhlükəsizliyi ilə bağlı yayılan yanlış fikirlərə aydınlıq gətirib.
E-saglam.az xəbər verir ki, o, günəbaxan yağının yemək qızartmaq üçün zərərli olduğu düşüncəsini mif adlandırıb. Mütəxəssisin fikrincə, qızartma üçün ən təhlükəsiz seçim bitki yağıdır.
“Rafinə olunmuş bitki yağı, xüsusilə də günəbaxan yağı, yüksək temperaturda sabitliyini qoruyur və yalnız həddindən artıq qızdırıldıqda zərərli maddələr – trans yağlar yarada bilər. Buna görə də əsas qayda odur ki, yağı tüstülənənədək qızdırmamaq lazımdır”, – deyə Popkova bildirib.
Diyetoloq onu da əlavə edib ki, yağı qaranlıq və sərin yerdə saxlamaq tövsiyə olunur. Soyuducuya qoymaq isə onun bulanıqlaşmasına və dadının dəyişməsinə səbəb ola bilər.
Bununla belə, Popkova qızardılmış yeməklərin müntəzəm və çoxlu miqdarda qəbulunun sağlamlığa zərərli olduğunu da xatırladıb. Onları bəzən, bişmiş və qaynadılmış yeməklərlə növbə ilə yemək daha sağlam seçimdir.
Tərcümə: Könül Oruc