Çiy ətin bişirməzdən əvvəl yuyulması sağlamlıq üçün risk daşıya bilər.
E-saglam.az xəbər verir ki, RTU MIREA-nın Biotexnologiya və Sənaye Əczaçılıq kafedrasının baş müəllimi Mariya Zolotareva Lenta.ru-ya açıqlamasında bildirib ki, bu vərdiş patogen bakteriyaların mətbəxdə yayılmasına şərait yaradır.
Ekspertin sözlərinə görə, yuyulma zamanı su damcıları 50 santimetrə qədər məsafəyə sıçrayaraq dəzgahın, qabların və ətrafdakı digər səthlərin üzərinə düşür. Ən böyük təhlükə isə quş ətində ola biləcək kampilobakteriya və salmonelladır. Bu bakteriyalar qida zəhərlənməsi, ishal, qusma və yüksək hərarətə səbəb ola bilər.
Zolotareva vurğulayıb ki, axar su ilə yuma bakteriyaları zərərsizləşdirmir. Ətin təhlükəsizliyi yalnız kifayət qədər bişirildikdə və ya yaxşı qızardıldıqda təmin olunur. O, həmçinin çiy ət üçün ayrıca kəsici lövhədən istifadə etməyi və sonradan onu yuyucu vasitə ilə təmizləməyi məsləhət görüb.
“Çiy ətlə təmasdan sonra əllər ən azı 20 saniyə ərzində ilıq su və sabunla yuyulmalıdır. Ətin görünüşcə təmiz olması onun təhlükəsiz olduğu anlamına gəlmir, çünki patogen mikroorqanizmlər gözlə görünmür”, – deyə biotexnoloq əlavə edib.
Tərcümə: Könül Oruc