Yeni genetik araşdırma göstərib ki, A (II) qan qrupu olan şəxslər 60 yaşından əvvəl insult keçirmək baxımından daha yüksək risk altındadırlar. Ən az risk daşıyanlar isə 0 (I) qan qrupu olanlardır.
E-saglam.az xəbər verir ki, 2022-ci ildə aparılan genişmiqyaslı araşdırmada 48 fərqli tədqiqatın məlumatları analiz edilib. Təxminən 17 min erkən yaşda işemik insult keçirən pasiyentin və 600 mindən çox sağlam insanın genetik məlumatları müqayisə olunub. Araşdırma ABŞ-ın Maryland Universitetinin rəhbərliyi altında həyata keçirilib.
Nəticəyə görə, A (II) qan qrupuna sahib olan şəxslərdə 60 yaşından əvvəl insult keçirmə riski 16% daha yüksəkdir. Əksinə, O qan qrupuna sahib fərdlərdə bu risk 12% daha aşağıdır. B(III) qrupu olanlarda risk təxminən 11% yüksək olaraq qeyd olunub. AB (IV) qrupu ilə bağlı dəqiq nəticə əldə olunmayıb, çünki bu qrupun göstəriciləri əhali tərkibinə görə dəyişkəndir.
Niyə A qrupu daha risklidir?
Nevroloq Dr. Steven Kittner qeyd edib ki, A qrupuna sahib şəxslərdə insult riskinin artmasının səbəbi tam dəqiqliklə bilinmir. Lakin bu, qan laxtalanmasında iştirak edən müəyyən zülallarla əlaqəli ola bilər. Tədqiqatçılar A qrupunu daşıyan genlərin laxtalanma proseslərini sürətləndirə biləcəyini, bunun isə damar tıxanmasına və nəticədə insult riskinə səbəb ola biləcəyini düşünürlər.
Qeyd olunub ki, bu genetik təsir əsasən 60 yaşdan əvvəl özünü göstərir. Yaş artdıqca insultların əsas səbəbləri daha çox damar sərtliyi (ateroskleroz) kimi faktorlarla əlaqələndirilir.
Genetik riskdən daha vacibi – həyat tərzidir
Mütəxəssislər vurğulayır ki, A qrupu ilə bağlı risk statistik baxımdan əhəmiyyətli olsa da, bu, mütləq narahatlıq doğuracaq qədər böyük deyil. Dr. Kittner bildirib ki, A qrupu olan şəxslər üçün xüsusi tibbi tədbirlərə ehtiyac yoxdur. Əsas diqqət dəyişdirilə bilən risk faktorlarına yönəlməlidir: yüksək qan təzyiqi, şəkərli diabet, siqaret, stress və artıq çəki.
Tədqiqat əsasən Avropa, Şimali Amerika, Yaponiya, Pakistan və Avstraliya kimi ölkələrdə aparılıb və iştirakçıların 65%-i avropalı olub. Alimlər bildirir ki, bu nəticələrin digər etnik qruplarda da öyrənilməsi üçün gələcək araşdırmalar vacibdir.
A qan qrupu erkən yaşda insult riski baxımından genetik göstərici ola bilər. Amma həyat tərzi faktorları – düzgün qidalanma, fiziki aktivlik, siqaretdən uzaq durmaq və stressin azaldılması – insult riskinin qarşısını almaqda daha təsirlidir.
Tərcümə: Könül Oruc