İran İsrailə ortamənzilli "Sejjil" raketini buraxıb. Bu raket döyüş şəraitində ilk dəfə istifadə olunub.
E-saglam.az sözügedən raketin insan sağlamlığına təsiri ilə bağlı mövzunu araşdırıb.
“Sejjil” raketində istifadə olunan əsas texnoloji komponentlər arasında ammonium perklorat, alüminium tozu və hidroksil sonlu polibutadien (HTPB) yer alır. Bu maddələr bir yerdə raketin yanacaq sistemini təşkil edir. Onlar yanma zamanı yüksək temperatur və təzyiq yaradır, lakin eyni zamanda toksik və insan sağlamlığı üçün zərərli qazların əmələ gəlməsinə səbəb ola bilir.
Ən böyük risklərdən biri ammonium perkloratın insan orqanizminə təsiridir. Bu maddə xüsusilə tənəffüs yolları ilə orqanizmə daxil olduqda tiroid vəzini zədələyə, uşaqlarda inkişaf pozğunluqları yarada bilər. Alüminium tozunun isə uzunmüddətli təsiri ağciyər toxumalarının zədələnməsi və fibroz riskini artırır. HTPB isə yanma zamanı tənəffüs yollarında qıcıqlanma və allergik reaksiyalara səbəb ola bilər.
Raketin buraxılışı və uçuşu zamanı havaya yayılan hidroklor turşusu buxarı və azot oksidləri kimi qazlar da sağlamlıq üçün təhlükə yaradır. Bu qazlar nəfəs yollarında yanma, gözlərdə qıcıqlanma və ağciyərlərdə ödem kimi ağır fəsadlara səbəb ola bilər. Bu baxımdan, belə raketlərin sıx istifadə edilməsi və ya istehsal sahələrinə yaxın yaşayış yerləri üçün ətraf mühit və sağlamlıq baxımından ciddi təhlükə təşkil edir.
Ekspertlər həmçinin bu tip raketlərin gələcəkdə nüvə və ya kimyəvi başlıqlarla təchiz olunmasının mümkün olduğunu da istisna etmirlər. Bu isə sağlamlıq üçün daha geniş və uzunmüddətli fəsadlar doğura bilər: radiasiya zəhərlənməsi, sonsuzluq, orqan pozğunluqları və xərçəng kimi ağır xəstəliklər.
“Sejjil” raketi texnoloji baxımdan İranın hərbi gücünü artırsa da, onun istehsalı, istifadəsi və ətraf mühitə təsiri baxımından potensial təhlükələrə malikdir. Bu tip ballistik silahların təkcə müharibədə deyil, sülh dövründə də insan sağlamlığı və ekosistem üçün təhlükə mənbəyi ola biləcəyini unutmamaq vacibdir.
Könül Oruc