Diş həkimi Osmanova səhər yeməyindən dərhal sonra dişlərinizi fırçalamaqdan imtina etməyi məsləhət gördü.
E-saglam.az xəbər verir ki, diş həkimi, implantoloq və naviqasiya cərrahiyyəsi üzrə mütəxəssis Naida Osmanovanın sözlərinə görə, səhər yeməyindən əvvəl dişlərin fırçalanması ağızdakı bakteriya yükünü azaltmaq üçün daha faydalıdır.
Gecə ərzində tüpürcək istehsalı azalır və bu da bakteriyaların çoxalmasına, xoşagəlməz qoxunun yaranmasına və hətta ilk yeməklə birlikdə mədəyə daxil olmasına şərait yaradır.
Həkim qeyd edib ki, səhər yeməyindən sonra dişlərini fırçalamaq istəyənlər ən azı yarım saat gözləməlidirlər. Çünki meyvə, şirə və qəhvə kimi qidalar emayeni müvəqqəti yumşaldır və yeməkdən dərhal sonra fırçalamaq dişlərə mexaniki zərər verə bilər. Yarım saatdan sonra isə tüpürcək turşuları neytrallaşdırır və emaye üzərində qoruyucu təbəqə bərpa olunur, bu da fırçalamağı təhlükəsiz edir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az