Qidalanma
Rəngli dondurmaların görünməyən təhlükəsi:
Qidalanma
132

Rəngli dondurmaların görünməyən təhlükəsi: Yeməzdən əvvəl diqqət

Uşaq nefrologiyası üzrə mütəxəssis Prof. Dr. Cihangir Akgün hazır dondurmalarda istifadə olunan qatqı maddələrinin uşaqlarda diqqət pozuntusu, hiperaktivlik və davranış problemlərinə səbəb ola biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, prof. Dr. Akgün bildirib ki, bazar və mağazalarda satılan hazır dondurmaların tərkibində rəf ömrünü uzatmaq və məhsula müəyyən konsistensiya vermək məqsədilə müxtəlif qoruyucular və süni dadlandırıcılar istifadə olunur. Bu maddələr uşaqlarda diqqət dağınıqlığı, davranış pozuntuları və allergik reaksiyalar kimi xoşagəlməz nəticələrə səbəb ola bilər.

Qatqı maddələri və qoruyuculara diqqət!

Mütəxəssis qeyd edib:

"Elm adamlarının apardığı araşdırmalar bu mövzuda ciddi nəticələr ortaya qoyub. Hazır dondurmalarda süddən çox vaxt süd tozu, təbii şəkər əvəzinə isə qlükoza siropu istifadə edilir. Üstəlik, məhsulun görünüşünü və dadını saxlamaq üçün konsistensiya artırıcılar da əlavə olunur. Bütün bunlar uşaqların sağlamlığına mənfi təsir göstərə bilər".

Təbii və güvənilən məhsulları seçin

Valideynlərə tövsiyə verən Prof. Dr. Akgün əlavə edib:

"Mənim tövsiyəm budur ki, qatqı maddəsi olmayan, etibarlı istehsalçılar tərəfindən hazırlanmış dondurmalar seçilsin. Bu cür məhsullarda təzə süd və təbii şəkər istifadə olunur, qoruyucu və süni əlavələr olmur. Dad baxımından da çox daha keyfiyyətli olurlar.

İmkanı olan ailələr ev şəraitində də təbii məhsullarla dondurma hazırlaya bilərlər. Hazır dondurmalardakı qatqıların təsiri toplanaraq yavaş-yavaş bədəndə yüklənir. Uşaqlar demək olar ki, hər gün bu dondurmalardan yeyə bilirlər və bu da uzun müddətdə ciddi sağlamlıq problemlərinə yol aça bilər. Valideynlər bu mövzuda daha diqqətli və məlumatlı davranmalıdırlar".

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun