Dos. Prof. Dr. Rana Turunç səhər yuxudan oyandıqda baş, boyun, kürək və çənə ağrılarının, dişlərdə həssaslıq və aşınma ilə birlikdə bruksizm – yəni diş sıxma və qıcırtma vərdişinə işarə edə biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bruksizm bütün yaş qruplarında görülə bilər. Araşdırmalar uşaqlarda yayılma nisbətinin 10–50 faiz, böyüklərdə isə 5–90 faiz arasında dəyişdiyini göstərir. Uşaqlarda bu hal çox vaxt müvəqqəti olur və böyüdükcə öz-özünə keçir.
Dr. Turunç qeyd edib ki, xəstələr səhərlər tez-tez çənə ağrısı, baş ağrısı, boyun və üz əzələlərində gərginlik hiss edirlər. Uzun müddət davam edən diş sıxma diş çatlamalarına, üz simmetriyasının pozulmasına, qulaq ağrılarına, cingiltisinə və yuxu keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.
Diaqnoz əsasən xəstənin şikayətləri və müayinəsi əsasında qoyulur. Ən etibarlı üsullar arasında yuxu zamanı aparılan xüsusi testlər və elektromiyoqrafiya yer alır, lakin bunlar yalnız xüsusi hallarda tətbiq olunur.
Müalicə hər zaman tələb olunmur. Yüngül hallarda müşahidə kifayətdir, amma diş aşınması və ya güclü ağrı olduqda fərdi müalicə aparılmalıdır. Stresslə bağlı hallarda psixoloji dəstək, istirahət məşqləri, həyat tərzinin dəyişdirilməsi, yuxu gigiyenasına diqqət yetirmək faydalıdır. Daha ciddi vəziyyətlərdə isə ortodontik müalicə, fizioterapiya, əzələ gevşədici dərmanlar, botoks iynələri və ya xüsusi qoruyucu şinlərdən istifadə olunur.
Tərcümə: Könül Oruc