Sağlamlıq
Uşaqlar üçün gizli təhlükə: Həddindən artıq səy ürəyə zərər verə bilər
Sağlamlıq
124

Uşaqlar üçün gizli təhlükə: Həddindən artıq səy ürəyə zərər verə bilər

Uşaq kardiologiya mütəxəssisi Prof. Dr. Cemşit Karakurt, yay məktəbləri və idman düşərgələrində iştirak edən uşaqların sağlamlıq vəziyyətlərinin, xüsusən də ürək sağlamlığının əvvəlcədən həkim tərəfindən yoxlanmasının vacib olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, həm anadangəlmə, həm də sonradan yaranan ürək problemləri, intensiv fiziki səy tələb edən fəaliyyətlər zamanı uşaqlarda ciddi sağlamlıq risklərinə səbəb ola bilər.

Prof. Karakurt qeyd edib ki, hər 1000 körpədən 10-da anadangəlmə ürək qüsuru olur və bu halların üçdə biri ciddi problemlərlə müşayiət olunur. Bu baxımdan, hamiləliyin 18–22-ci həftələri arasında dölün ürək dəyərləndirməsi və doğuşdan sonra müntəzəm nəzarət həyati əhəmiyyət daşıyır.

Son illərdə gənc yaşda infarkt və qəfil ürək dayanması hallarının artdığına diqqət çəkən mütəxəssis bildirib ki, bu hallar ritm pozuntuları, ürək əzələsi xəstəlikləri və genetik faktorlarla bağlı ola bilər. Uşaqların idman fəaliyyətlərinə başlamazdan əvvəl EKQ və səy testi ilə ürək müayinəsindən keçirilməsi vacibdir.

Pandemiya dövründə oturaq həyat tərzinin artması, çəki yığımı, yüksək təzyiq və xolesterin kimi risk faktorlarını artırıb. Prof. Karakurt bildirib ki, ürək-damar xəstəliklərinin təməli çox vaxt uşaq yaşlarında qoyulur və piylənmə bu risklər arasında ön sıradadır.

Uşaqların yayda aktiv olduqlarını və müxtəlif fiziki fəaliyyətlərə qatıldıqlarını xatırladan həkim, yay məktəblərinə başlamazdan öncə həkimlə məsləhətləşməyin risklərin qarşısını almağa kömək edəcəyini vurğulayıb. Erkən diaqnoz və müntəzəm nəzarət isə həyat qurtarıcı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun