Valideynlər çox zaman uşaq otağında rahat atmosfer yaratmaq üçün noçnikdən (gecə lampası) istifadə edirlər. Lakin zəif gecə işığı uşaqların görmə qabiliyyətinə mənfi təsir göstərə bilər.
E-saglam.az Lent.az-a istinadən bu əşyanı sizə təqdim edir:
Gecə lampaları uşaqlara necə zərər verə bilər?
Həkimin sözlərinə görə, uşaq otağındakı gecə lampası zamanla uşaqlarda miopiya - yəni uzağı görməmə problemi yarada bilər.
"Gecəni gecə lampası və ya zəif işıqla yatan uşaqlarda böyüdükcə miopiya inkişaf etmə riski daha yüksək olur. Amma tam qaranlıq otaqda yatan uşaqlarda bu risk xeyli aşağıdır". O əlavə edir ki, göz qapalı olsa belə, mavi spektrli işıq uşaqların nazik göz qapağı dərisindən keçərək melanopsin hüceyrələrini stimullaşdıra bilər. Bu da uşaqların bioloji saatına - yəni sirkadiyen ritmlərinə təsir edir və nəticədə yuxu pozuntusu və göz sağlamlığında problemlər yarana bilər.
Hansı işıq daha uyğundur?
İsti tonlu işıqlar (sarı, qırmızı) daha az zərərlidir və gecə lampası kimi istifadəyə daha uyğundur. Gecə lampasıçox parlaq və birbaşa uşağın gözünə yönəlibsə, bu, görmə yorğunluğuna səbəb ola bilər, xüsusilə də uşaq gecə oyanarsa və birbaşa işığa baxarsa.
Valideynlərə tövsiyələr:
İsti və zəif işıqlı gecə lampası seçin (sarı və ya qırmızı tonlar).
Gecə lampasını elə yerləşdirin ki, işıq birbaşa uşağın üzünə düşməsin.
Əgər ehtiyac yoxdursa, xüsusilə körpələr üçün, gecə lampasından istifadə etməyin - onlar tam qaranlıqda rahat yata bilərlər. Əgər uşaq qaranlıqdan qorxursa, zəif və dolayı işıq mənbəyi seçin. Taymer və ya hərəkət sensoru ilə təchiz olunmuş modellər daha təhlükəsizdir.
Miopiya nədir?
Miopiya və ya yaxın görmə - uzaq məsafədəki obyektlərin bulanıq, yaxın obyektlərin isə aydın görünməsi ilə xarakterizə olunur. Bu, göz formasının və ya iç quruluşunun işıq şüalarının düzgün şəkildə torlu qişada (retinada) fokuslanmasına mane olması ilə baş verir. Adətən uşaqlıq və yeniyetmə dövründə inkişaf edir və bəzən irsən keçə bilər. Orqanizmin sürətli böyüdüyü dövrlərdə miopiyanın irəliləməsi mümkündür. Bir araşdırma zamanı 2-16 yaş arası 479 uşaq üzərində aparılan müşahidələr göstərib ki, erkən uşaqlıq dövründə gecə vaxtı tam qaranlıqda yatmamaq miopiya üçün risk amili ola bilər. Qeyd olunur ki, bu araşdırma gecə lampasının birbaşa səbəbkar olduğunu sübut etmir, lakin potensial təhlükə olduğu bildirilir.