Uzun illər düşünülürdü ki, "yaşlandıqca maddələr mübadiləsi yavaşlayır".
E-saglam.az-ın məlumatına görə, lakin “Science” jurnalında dərc edilən genişmiqyaslı araşdırma göstərir ki, 20-60 yaş arasında metabolik sürət sabit qalır. Bəs bədən niyə dəyişir, çəki niyə artır?
Əsl səbəb əzələ itkisi – yəni sarkopeniyadır.
Mərmərə Universitetindən geriatr Büşra Can izah edir ki, skelet əzələsi enerji sərfiyyatında əsas rol oynayır. Yaşla birlikdə əzələ kütləsi azalır və bu da maddələr mübadiləsini dolayısı ilə zəiflədir. Əzələ itkisi 30 yaşdan sonra başlayır, 60-dan sonra isə sürətlənir.
Sarkopeniya – səssiz təhlükə
Əzələ itkisi yalnız fiziki zəiflik deyil, eyni zamanda balans pozuntusu, yıxılma riski, insulin müqaviməti və 2-ci tip diabet kimi problemlərə də səbəb ola bilər. Oturaq həyat, az protein qəbul etmək və bəzi xəstəliklər prosesi sürətləndirir.
Proteinə ehtiyac azalmaz, əksinə – artır
Yaş artdıqca bədən əzələ qurmaqda çətinlik çəkdiyi üçün zülala tələbat da artır. Amma yaşlı insanlar zülal qəbulunu azaldır. Bu, səhv yanaşmadır. Zülal və B vitaminləri yetərli miqdarda qəbul olunmalıdır.
İdmanla qarşısını almaq olar
Əzələ itkisi qaçılmaz deyil. İdman – xüsusilə müqavimət məşqləri – bu prosesi ləngidə və ya hətta geri qaytara bilər. Bütün yaşlarda idmana başlamaq mümkündür. Geriatr Can bildirir ki:
“Həftədə ən azı 150 dəqiqə aerobik və 2-3 dəfə müqavimət məşqi tövsiyə olunur”.
Velosiped sürmək, gəzinti, üzgüçülük və yüngül ağırlıqlar əzələ qorunması üçün effektivdir – gənclər və yaşlılar üçün eyni dərəcədə faydalıdır.
Tərcümə: Könül Oruc