Heç kimə sirr deyil ki, spirtli içkilərin həddindən artıq qəbulu qaraciyərə zərər verir. Lakin Kaliforniya San Dieqo Universitetinin alimləri bu zərəri daha da gücləndirən, indiyədək az bilinən mexanizmi aşkar ediblər.
E-saglam.az xəbər verir ki, aparılan araşdırmalara görə, xroniki alkoqol istifadəsi bağırsaqlarda mAChR4 adlı mühüm siqnal zülalının istehsalını azaldır. Bu zülalın səviyyəsi azaldıqda, bağırsağın qoruyucu baryeri zəifləyir və bakteriyaların orqanizmə keçidi asanlaşır. Nəticədə bağırsaqdan sızan mikroblar qaraciyərə çataraq onun üzərində əlavə zədələnməyə səbəb olur.
Alimlər bildirirlər ki, normalda mAChR4 zülalı “goblet hüceyrələri” vasitəsilə immun sistemini mikroblara qarşı öyrədir və beləliklə orqanizmi qoruyur. Ancaq spirt bu mexanizmi sıradan çıxardığı üçün qaraciyər həm alkoqolun təsirindən, həm də bakteriyaların hücumundan eyni vaxtda zərbə alır.
Ümidverici məqam isə odur ki, təcrübələrdə bu zülalın funksiyası bərpa edildikdə qaraciyərin də müdafiə mexanizmi yenidən işə düşüb. Bu da gələcəkdə yeni dərmanların hazırlanması üçün ümidverici istiqamət hesab olunur.
Araşdırmanın müəllifləri deyirlər ki, ən yaxşı qorunma yolu spirtli içkilərdən uzaq durmaq və ya onların qəbulunu minimuma endirməkdir. Bununla belə, mAChR4-ü hədəf alan dərmanlar yaxın illərdə alkoqolla bağlı qaraciyər xəstəliklərinin müalicəsində böyük rol oynaya bilər.
Maraqlıdır ki, bu zülal yalnız qaraciyər deyil, beynin alkoqol asılılığını tənzimləyən hissələrində də mühüm rol oynayır. Hazırda mAChR4-ü artıran dərmanlar şizofreniyanın müalicəsi üçün klinik sınaqlarda yoxlanılır və gələcəkdə alkoqol asılılığına qarşı da istifadə oluna bilər.
Araşdırmanın nəticələri nüfuzlu "Nature" jurnalında dərc olunub və tibb ictimaiyyətində böyük maraq doğurub.
Tərcümə: Könül Oruc