Sağlamlıq
Antibiotik qəbul edərkən
Sağlamlıq
98

Antibiotik qəbul edərkən qəhvə içmək olarmı?

Alimlər qəhvənin bəzi antibiotiklərin təsirini zəiflədə biləcəyini müəyyən ediblər.

E-saglam.az xəbər verir ki, yeni aparılan araşdırmada kofeinin Escherichia coli (E. coli) bakteriyalarına təsiri öyrənilib və siprofloksasin kimi dərmanların udulmasını azalda biləcəyi aşkarlanıb.

Almaniyanın Vürzburq Universitetinin mikrobioloqu Kristof Binsfeld bildirib ki, bəzi birləşmələr bakteriyalarda genlərin fəaliyyətini incə, lakin davamlı şəkildə dəyişdirir. Araşdırma zamanı 94 kimyəvi maddənin E. coli-yə təsiri təhlil edilib və onların təxminən üçdə birinin hüceyrəyə maddələrin daxil olmasını və çıxmasını tənzimləyən genlərə təsir etdiyi məlum olub. Ən güclü dəyişiklik isə kofeinlə müşahidə edilib.

Mütəxəssislər bu halı "aşağı səviyyəli antibiotik müqaviməti" adlandırırlar. Klassik müqavimətdən fərqli olaraq, burada dərmanın təsiri tamamilə bloklanmır, ancaq genetik dəyişikliklər və hüceyrələrin ətraf mühitə reaksiyası nəticəsində zəifləyir.

Tübingen Universitetinin biomühəndisi Ana Rita Broshadou isə bildirib ki, kofein bakteriya hüceyrələrində maddələrin daşınmasını tənzimləyən Rob zülalına təsir edir. Onun sözlərinə görə, kofein bu zülalla zəncirvari prosesə səbəb olur, nəticədə bakteriyalar daha az antibiotik qəbul edir.

Alimlər qeyd edirlər ki, bu nəticələr laboratoriya şəraitində əldə olunub və insan orqanizmində eyni təsirin baş verib-verməyəcəyi hələ məlum deyil. Həmçinin antibiotik müalicəsini zəiflədə biləcək qədər təsir üçün nə qədər qəhvə qəbul edilməli olduğu barədə dəqiq məlumat yoxdur. Maraqlıdır ki, Salmonella enterica bakteriyasında bu cür dəyişiklik müşahidə edilməyib.

Tədqiqatçılar hesab edirlər ki, bu mexanizmin daha dərindən öyrənilməsi antibiotiklərin effektivliyini artırmaqda mühüm rol oynaya bilər.

Digər tərəfdən, mütəxəssislər çox isti qəhvə və çay istehlakına da diqqət yetirməyi tövsiyə edirlər. ABŞ Milli Xərçəng İnstitutunun araşdırmasına görə, bu vərdiş yemək borusu xərçəngi riskini artıra bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun