Son zamanlar bəzi bağçalarda uşaqlara qarşı istər psixoloji, istərsə də fiziki şiddət müşahidə kamerası məsələsini gündəmə gətirib. Əksər özəl bağçalarda belə kameraların olması valideynin gün ərzində övladını nəzarətdə saxlamasına şərait yaratsa da, dövlət bağçalarında bu yoxdur. Dövlət bağçalarında müşahidə kameralarının olmaması isə valideynləri ciddi şəkildə narahat edir.
E-saglam.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Report"a bildirib ki, Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrində müşahidə kameralarının olmaması son illərdə cəmiyyətin diqqət mərkəzinə çevrilən və xüsusilə uşaq hüquqlarının qorunması baxımından ciddi narahatlıq doğuran məsələlərdən biridir.
O qeyd edib ki, özəl bağçalarda kameralar vasitəsilə valideynlər övladlarını, bağça rəhbərliyi müəllimlərin və tərbiyəçilərin fəaliyyətini izləyə bilir:
“Bu, həm uşaqların təhlükəsizliyini artırır, həm də işçi heyətin davranış məsuliyyətini gücləndirir. Bu təcrübə dövlət bağçalarında olmadığı üçün valideynlər arasında ciddi etimadsızlıq, müəllim davranışına nəzarətin zəifliyi və hadisə baş verdikdə sübut mexanizminin olmaması kimi problemlər meydana çıxarır. Bu da öz növbəsində uşaqlara qarşı psixoloji və fiziki zorakılıq hallarının aşkarlanmasını çətinləşdirir”.
K.Əsədovun sözlərinə görə, 2024-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatında göstərilir ki, daxil olan 720 şikayətin 18%-i məktəbəqədər müəssisələrdə uşaqlara qarşı kobud rəftarla bağlı olub.
“Lakin sübutların olmaması və müşahidə sistemlərinin yoxluğu bu hallar üzrə intizam və ya hüquqi tədbirlərin zəif tətbiqi ilə nəticələnib. Mövcud vəziyyət dəyişməzsə, dövlət bağçalarına olan etimad daha da azalacaq, valideynlərin özəl sektorla bağlı meyli artacaq və sosial ədalətsizlik daha da dərinləşəcək”, - deyə ekspert vurğulayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, "Məktəbəqədər təhsil haqqında" qanun, eyni zamanda Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri" haqqında qərarına əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində kameraların quraşdırılması nəzərdə tutulmayıb.

Həmçinin, vurğulanıb ki, müasir dövrün tələbləri, eləcə də təlim-tərbiyə prosesinə nəzarətin daha da artırılması məqsədilə hazırda məktəbəqədər təhsil müəssisələrinin kameralarla təchiz edilməsi imkanları araşdırılır. Bununla bağlı Elm və Təhsil Nazirliyi, eyni zamanda, digər aidiyyəti qurumlarla müzakirələr aparılır.