Sağlamlıq
Əl sıxma yolu ilə keçən təhlükəli xəstəliklər:
Sağlamlıq
113

Əl sıxma yolu ilə keçən təhlükəli xəstəliklər: Həkim xəbərdarlıq edir

Tanınmış infeksionist, tibb elmləri doktoru Vladimir Neronov insan orqanizmi üçün təhlükə yaradan, əl sıxma vasitəsilə yayılan infeksiyalar barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, “Lenta.ru”ya verdiyi açıqlamada o bildirib ki, bir çox insanlar bu sadə və gündəlik təmasın xəstəlik mənbəyi ola biləcəyinin fərqində deyil.

Neronovun sözlərinə görə, çirkli əllər hepatit A, dizenteriya, salmonellyoz, rotavirus və norovirus kimi bağırsaq infeksiyalarının yayılmasında əsas vasitə rolunu oynayır. Bundan əlavə, SARS, qrip, COVID-19, stafilokok və streptokok infeksiyaları da əl sıxma yolu ilə ötürülə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yoluxucu xəstəliklərin 80 faizi birbaşa çirkli əllərlə ötürülür. Həkim xüsusilə vurğulayıb ki, bəzi patogenlər uzun müddət səthlərdə aktiv qala bilir. Məsələn:

  • Rotaviruslar 10 günə qədər

  • Koronaviruslar 28 günə qədər

  • Salmonella bakteriyaları isə 4-6 saat ərzində yoluxucu qalır

Daha da təhlükəlisi, insanlar gündəlik olaraq sifətinə orta hesabla saatda 20-30 dəfə toxunur. Bu isə mikroorqanizmlərin göz, burun və ağızın selikli qişalarından orqanizmə daxil olması üçün əlverişli şərait yaradır.

Neronov qeyd edib ki, immunitet sistemi zəif olan qruplar — uşaqlar və yaşlılar — xüsusilə risk altındadır. Statistikaya görə, uşaqlarda baş verən bağırsaq infeksiyalarının 30%-i məhz əl gigiyenasına düzgün əməl edilməməsi ilə bağlıdır.

Həkimin tövsiyəsi: əlləri mütəmadi və düzgün yumaq, ictimai yerlərdə dezinfeksiyaedici vasitələrdən istifadə etmək və gigiyenik vərdişlərə ciddi yanaşmaqdır. Bu sadə qaydalar bir çox ciddi xəstəliklərin qarşısını almağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun