Son elmi araşdırmalar göstərib ki, cəmi gündə 6 dəqiqəlik sürətli gəzinti insan beynində yaddaş və diqqət funksiyalarını yaxşılaşdırır.
E-saglam.az xəbər verir ki, Kanada və İngiltərədə aparılan bu araşdırma yaş artdıqca yaddaş zəifləməsinin qarşısını almaqda sadə fiziki aktivliyin gücünü sübut edib.
Araşdırmada 50 yaş üzəri 300 nəfər iştirak edib. Gündəlik sadəcə 6 dəqiqə orta və yüksək tempdə gəzinti edən şəxslərin hipokamp bölgəsində qan dövranının artdığı, bu da yaddaş və öyrənmə ilə bağlı neyronların aktivliyini yüksəltdiyi müşahidə olunub.
Tədqiqatın müəllifləri bildiriblər ki, bu qısa fiziki hərəkət beyin üçün "təbii güc mənbəyidir" və demensiyanın (ağıl zəifliyi) gecikdirilməsində rol oynaya bilər.
Mütəxəssislər nə deyir?
Nevroloq Dr. Aleks Taylor qeyd edib: “Gündəlik ağır idmanla məşğul olmaq lazım deyil. Sadəcə 6 dəqiqəlik templi gəzinti belə beyin hüceyrələrini aktiv saxlayır”.
Tövsiyə:
-
Gəzintini səhər saatlarında etmək daha faydalıdır.
-
Təmiz hava olan yerlər, park və sahilboyu məkanlar seçilməlidir.
-
Əgər gündə bir neçə dəfə 6 dəqiqəlik fasilələrlə edilərsə, effekt daha yüksək ola bilər.
Bu kəşf, xüsusilə oturaq həyat tərzi sürən insanlar üçün böyük ümid və motivasiya qaynağıdır.
Tərcümə: Könül Oruc