Tibbi xəbərlər
Lokal anestetiklərin keyfiyyəti aşağıdır? -
Tibbi xəbərlər
99

Lokal anestetiklərin keyfiyyəti aşağıdır? - "İki və üçünü birdən istifadə etməyə məcbur qalırıq"

Həkimlər lokal anestetiklərin keyfiyyətinin aşağı olduğunu iddia edirlər.

E-saglam.az xəbər verir ki, lokal anestetiklərin keyfiyyətinin aşağı olmasından narazı olan həkimlərdən biri də uzman həkim Hikmət Baxışovdur.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, ən kiçik prosedur zamanı belə iki-üç anestetik istifadə etmək məcburiyyətində qalır:

"Bizim stomatologiyada istifadə etdiyimiz lokal anestetiklər var. Bu anestetiklərin təsirləri zəifdir. Hər bir aptekə görə dərmanın keyfiyyəti dəyişir. Sözügedən məsələ də bunun bir problemidir. Mən 9 il Türkiyədə işləmişəm. Mən yeni başlayan həkim deyiləm ki, anesteziyanı bilməyəm. Anesteziya edəndə anatomik olaraq hansı sinirə yaxın olduğunu, haraya vurulması gərəkdiyini yaxşı bilirəm. Buna baxmayaraq anestetiklərlə problem yaşayıram. Tək mən yox, digər həmkarlarım da problemlə qarşılaşıb. Avropa istehsalı olan anestetiklər, elə Türkiyədə olan anestetiklərə baxsaq, görərik ki, çox yaxşıdır. Mən orada işlədiyim 9 il müddətində minlərlə pasiyenti müalicə etmişəm, belə bir problemlə qarşılaşmamışam, lakin iki ildir Azərbaycanda işləyirəm və hər gün də bu halla rastlaşıram.

Bu anestetiklərin ola bilsin ki, gətirilməsində problem var. Vaxtilə Azərbaycanda Almaniyanın ən güclü anestetikləri var idi, lakin daha sonra yoxa çıxdılar. Çünki onların gətirilməsinə elə bir rüsum tətbiq edirlər ki, sahibkar da bunu gətirə bilmir. Gətirilənlərin də tərkibi azaldılır ki, qiymət baha olmasın və həkimlərə, klinikalara satıla bilsin. Biz də onun təsirini görmürük. Kiçik prosedurlar zamanı məcbur oluruq ki, iki-üç anestetik istifadə edək", - deyə o bildirib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, ölkəyə rəsmi qaydada idxal edilən bütün dərman vasitələrinin, o cümlədən anesteziyada istifadə olunan lokal anestetiklərin keyfiyyəti müvafiq normativ sənədlərə uyğun olaraq AEM-də laborator şəkildə yoxlanılır:

"Bu proses zamanı dərman vasitəsinin keyfiyyət göstəricilərində hər hansı uyğunsuzluq aşkar edilərsə, həmin məhsulun satışına icazə verilmir. Beləliklə, yalnız keyfiyyət tələblərinə cavab verən dərman vasitələrinin dövriyyəyə buraxılması təmin olunur.

Bununla yanaşı, qeyd etmək istərdik ki, əgər vətəndaşlar və ya tibb mütəxəssisləri konkret dərman vasitəsi ilə bağlı şübhə və ya narahatlıq hiss edirlərsə, bu barədə Analitik Ekspertiza Mərkəzinə rəsmi qaydada müraciət edə bilərlər. Belə hallarda təqdim olunan dərman nümunələri əsasında təmənnasız laborator analiz aparılır və nəticə barədə müraciət edən şəxsə rəsmi cavab təqdim olunur.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi vətəndaşları və mütəxəssisləri aptek və ya tibb müəssisələrində rast gəlinən şübhəli hallar barədə aşağıdakı əlaqə vasitələri ilə məlumat verməyə çağırır:

"Bir pəncərə" sektoru

Qaynar xətt: (012) 596 05 20

Elektron poçt: [email protected]

Rəsmi veb-sayt: www.pharma.az - "Müraciət" bölməsi

Daxil olan müraciətlər hərtərəfli araşdırılır və zərurət yarandıqda müvafiq müəssisədə plandankənar yoxlama aparıla bilər".

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun