Bütün idman növlərində idmançılar üçün qəfil əzələ krampı qədər ağrılı və yarışdan kənarda qalmağa səbəb olan başqa bir təcrübə azdır. Rəsmi olaraq məşqlə əlaqəli əzələ krampları adlandırılan bu nəzarətsiz spazmlar onilliklərdir həm idmançıları, həm də alimləri çaşdırır.
E-saglam.az xəbər verir ki, uzun müddət bu halın əsas səbəbi susuzlaşma və ya elektrolit balanssızlığı hesab edilirdi. Amma bu izah hər zaman uyğun gəlmir. Çünki bəzən yaxşı nəmlənmiş idmançılar da kramp keçirir, digərləri isə isti və rütubətli şəraitdə belə problem yaşamır.
Son araşdırmalar isə diqqəti başqa istiqamətə yönəldir. Görünür, əsas amillərdən biri məhz oyun səthidir. Səthin sərtliyi və elastikliyi sinir-əzələ sisteminə təsir göstərərək yorğunluğu sürətləndirə, nəticədə isə krampa səbəb ola bilər.
Əzələ krampları necə yaranır?
Əzələlər yorulduqda sinir siqnallarının tarazlığı pozulur. Əzələlər həm büzülmə, həm də rahatlama əmri alır. Bu qarışıqlıq motor neyronlarını həddindən artıq aktivləşdirir və əzələ lifləri qeyri-ixtiyari daralır.
Səthin xüsusiyyətləri isə bu prosesi daha da sürətləndirə bilər. Komandamın apardığı araşdırmalarda müxtəlif sərtlikdə meydançalarda idmançılar arasında əzələ aktivliyində 13 faiz, müxtəlif çəmənliklərdə isə hamstring fəaliyyətində 50 faiz fərq aşkar etdik. Bu, səthin əzələ və oynaqlara təsirinin nə qədər ciddi olduğunu göstərir.
Krampların qarşısı necə alına bilər?
Əgər oyun səthləri yorğunluğa təsir edirsə, idmançılar məşqlərdə həmin şərtlərə uyğun hazırlanmalıdır. Məsələn, yumşaq səthdə məşq edən futbolçular sərt meydançada yarışa çıxarkən daha çox risk altındadır. Ona görə də hazırlıq prosesinə müxtəlif səthlərdə təlimlər daxil edilməlidir.
Eyni qayda basketbol və tennis kimi idman növlərinə də aiddir. Komandalar səfər oyunlarının şərtlərini simulyasiya edən məşqlər keçirməklə idmançıların əzələlərini uyğunlaşdıra bilərlər.
Tərcümə: Könül Oruc