Tibbi xəbərlər
Öd kisəsi xərçəngi gəlməzdən əvvəl siqnal verir:
Tibbi xəbərlər
190

Öd kisəsi xərçəngi gəlməzdən əvvəl siqnal verir: bu 5 erkən əlamətə diqqət yetirin

Öd kisəsi xərçəngi nadir rast gəlinən, lakin çox vaxt aqressiv gedişə malik bir xəstəlikdir. Qaraciyərin altında yerləşən, öd saxlayan bu kiçik orqanda başlayan xərçəng, adətən, ancaq gec mərhələlərdə aşkarlandığı üçün müalicəsi çətinləşir.

E-saglam.az xəbər verir ki, erkən mərhələlərdə ortaya çıxan bəzi əlamətlərə diqqət etməklə bu xəstəliyin vaxtında aşkarlanması mümkündür.

1. Qarının yuxarı sağ tərəfində ağrı

Qabırğaların alt hissəsində, qarının sağ tərəfində hiss olunan narahatlıq və ya ağırlıq öd kisəsi xərçənginin ilk əlaməti ola bilər. Bəzən bu ağrı “sürüklənən” hiss kimi təsvir edilir və həzm pozğunluğu və ya qazla qarışdırıla bilər. Ancaq davamlı və izah olunmayan ağrılar mütləq həkimə bildirilməlidir.

2. Ürəkbulanma

Az miqdarda yeməkdən sonra baş verən təkrarlanan ürəkbulanma, xüsusilə də bir neçə həftə ərzində keçmirsə, diqqət yetirilməli bir əlamətdir. Ürəkbulanma çox yayılmış simptom olsa da, səbəbsiz və davamlı hallarda tibbi müayinəyə ehtiyac var.

3. Arıqlama və iştahasızlıq

Öd kisəsi xərçəngi olan bəzi insanlar səbəbsiz iştahasızlıq və gözlənilməz arıqlama yaşayırlar. Bu dəyişikliklər bədənin enerji sərfiyyatında və maddələr mübadiləsində pozulma ilə bağlı ola bilər. Uzunmüddətli iştahasızlıq və izahsız çəki itkisi ciddi xəstəliklərin xəbərçisi ola bilər.

4. Sarılıq

Xərçəng öd yollarını tıxadıqda, öd qana qarışır və bu da dəri və göz ağlarının saralmasına səbəb olur. Sarılıqla bərabər qaşınma, tünd sidik və açıq rəngli nəcis kimi əlamətlər də müşahidə edilə bilər. Bu simptomlar yüngül görünsə belə, vaxtında müdaxilə üçün həkimə müraciət vacibdir.

5. Yorğunluq və zəiflik

Xroniki və səbəbsiz yorğunluq, gücsüzlük bir çox xəstəliyin, o cümlədən öd kisəsi xərçənginin əlaməti ola bilər. Əgər yorğunluq digər simptomlarla birlikdə müşahidə olunursa, bu, daha ciddi bir problemin göstəricisi ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun