Tibbi xəbərlər
Onkoloq izah edir: Boğaz ağrısı keçmirsə,
Tibbi xəbərlər
156

Onkoloq izah edir: Boğaz ağrısı keçmirsə, diqqətli olun!

Boğaz ağrısı adətən sadə infeksiya kimi qəbul edilsə də, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu simptom bəzi hallarda daha ciddi bir problemin – baş və boyun xərçənginin erkən əlaməti ola bilər. Xüsusilə üç həftədən çox davam edən və standart müalicəyə baxmayaraq keçməyən boğaz ağrısı mütləq araşdırılmalıdır.

E-saglam.az xəbər verir ki, onkoloq Dr. Jiri Kubes qeyd edir ki, infeksiya və ya reflü ilə əlaqələndirilən boğaz ağrısı bəzən xərçəngin xəbərçisi ola bilər. O bildirir: “Əgər boğaz ağrınız 3 həftə ərzində keçmirsə və infeksiya əlamətləri yoxdursa, bu, həkimə getmək üçün ciddi səbəbdir.”

Baş və boyun xərçəngləri ağız, boğaz, qulaq, sinuslar və tüpürcək vəziləri də daxil olmaqla 30-dan çox nahiyədə meydana gələ bilər. İngiltərədə hər il bu diaqnozla 13 000 insan qarşılaşır, bu da onu ən çox yayılmış səkkizinci xərçəng növünə çevirir. Statistikaya görə, bu xəstəlik nəticəsində hər il 4000-dən çox insan həyatını itirir.

Mütəxəssislər bu simptomlara xüsusi diqqət yetirməyi tövsiyə edir:

  • Üç həftədən çox davam edən boğaz ağrısı

  • Heç bir infeksiya olmadan qulaq ağrısı

  • Səsin batması və ya dəyişməsi

  • Yutma çətinliyi

  • Boyunda hiss olunan kütlə

  • Səbəbsiz arıqlama

Siqaret çəkənlər, spirtli içki istifadə edənlər və HPV virusu daşıyıcıları daha yüksək risk altındadır. Lakin bu risk yalnız onlarla məhdudlaşmır, çünki xərçəng heç bir məlum səbəb olmadan da inkişaf edə bilər.

Təhlükəni azaltmaq üçün tütün və spirt istifadəsindən imtina etmək, ağız gigiyenasına diqqət yetirmək və HPV-yə qarşı peyvənd olunmaq tövsiyə olunur. Cancer Research UK-in məlumatına əsasən, baş və boyun xərçəngi hallarının 64%-i tütün, 22-38%-i alkoqol və 80%-i HPV ilə əlaqələndirilir.

Doktor Kubes həmçinin mikroplastiklər və hava çirkliliyinin də risk faktorları olduğunu bildirib. Onun sözlərinə görə, bu maddələr tənəffüs yollarında iltihabı artıraraq xərçəngin inkişafına zəmin yarada bilər.

“Boğaz ağrınız uzun sürərsə və heç bir səbəb tapılmırsa, instinktinizə qulaq asın və həkimə müraciət edin. Bu bölgədəki xərçənglər erkən aşkarlandıqda uğurla müalicə edilə bilər”, – deyə Kubes vurğulayıb.

Qeyd: Bu məqalə ümumi məlumat məqsədi daşıyır. Özünüzdə narahatedici simptomlar müşahidə edirsinizsə, mütləq şəkildə həkimə müraciət edin. Öz-özünə diaqnoz və müalicə sağlamlığınıza ciddi ziyan vura bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun