Qidalanma
Pis qidalanma B12 çatışmazlığını artırır:
Qidalanma
104

Pis qidalanma B12 çatışmazlığını artırır: Nələrə diqqət etməli?

"Zülal mənbələrinə çıxış çətinləşdikcə, emal olunmuş qidalara meyl artır. Balanslaşdırılmamış qidalanma nəticəsində bir çox vitamin çatışmazlığı meydana gəlir".

E-saglam.az xəbər verir ki, bu sözləri Aralıq dənizi Universiteti (AU) Xəstəxanasının Qidalanma və Pəhriz şöbəsinin mütəxəssisi və diyetoloq Gülşah Bulut deyib. O bildirib ki, qeyri-sağlam qidalanmanın B12 vitamini çatışmazlığı riskini artırır.

Bulut, B12 vitamini çatışmazlığının qarşısını almaq üçün balanslı və düzgün bəslənmənin vacibliyini vurğuladı.

B12 vitamini çatışmazlığı və riskləri

"Balanslı bir pəhrizlə sağlam insanlarda B12 çatışmazlığı gözlənilmir", – deyə Bulut bildirib. Lakin bəzi xəstəliklər və ya dərmanlar B12-nin udulmasına təsir göstərə bilər. "B12 çatışmazlığının tibbi olaraq həkim tərəfindən təyin edilməsi lazımdır. Çatışmazlıq hallarında əlavələrə müraciət oluna bilər. Lakin ümumiyyətlə ət, yumurta, süd və süd məhsulları kimi qidaların kifayət qədər istehlak edilməsi, bu əskikliyi aradan qaldırmağa kifayətdir. İki stəkan süd və ya üç porsiya qatıq istehlak etmək vacibdir. Hər gün ət, toyuq və ya balıq yemək də faydalıdır", – o əlavə edib.

Sağlam qidalanmanın əhəmiyyəti

Son illərdə B12 çatışmazlığının artmasının səbəblərini də müzakirə edən Bulut, qidalanma vərdişlərinin bu vəziyyətə birbaşa təsir etdiyini bildirib. "Proteinlə zəngin qidaların iqtisadi cəhətdən əldə edilməsi çətinləşib. Bundan əlavə, işlənmiş və qablaşdırılmış qidalara üstünlük verilir. Xüsusilə gənclər və uşaqlar qəlyanaltılar üçün sağlam alternativlərdən çox, qablaşdırılmış məhsullara meyllidir", – deyə Bulut bildirib.

O, sağlam qidalanma mövzusunda maarifləndirmənin vacibliyini qeyd edərək, "Qiymətlərə görə qablaşdırılmış qidalar almaqdansa, süd, ayran, kefir və ya təzə meyvələr seçilməlidir. Əks halda yalnız B12 deyil, bir çox vitamin çatışmazlığı da yaranacaq. Sağlam qidalanma həmçinin xəstəliklərin qarşısının alınmasında və müalicə prosesinin dəstəklənməsində çox önəmlidir", – deyə vurğulayıb.

B12 vitamini nə üçün lazımdır?

B12 vitamini, təbii olaraq heyvan mənşəli qidalarda mövcuddur və orqanizmdə qırmızı qan hüceyrələrinin yaranmasında, sağlam sinir hüceyrələrinin qorunmasında, hüceyrə mübadiləsində və hüceyrələrin genetik materialı olan DNT-nin istehsalında mühüm rol oynayır. Vitamin B12 bədənin qan və sinir hüceyrələrini sağlam saxlayır, DNT istehsalını təmin edir, sümük sağlamlığını qoruyur, həmçinin saç, dəri və dırnaqların sağlamlığını dəstəkləyir. Bununla yanaşı, B12 vitamini yorğunluq və zəifliyə səbəb ola bilən anemiyanın qarşısını alır.

Bədəndə B12 vitamininin çatışmazlığı anemiyaya yol açır. Anemiya zəiflik, yorğunluq, solğun dəri və nəfəs darlığına səbəb ola bilər. B12 çatışmazlığı həmçinin yaddaş problemləri, danışma çətinliyi, əllərdə və ayaqlarda uyuşma, iştahsızlıq, kilo itkisi, ishal və ya qəbizlik kimi digər sağlamlıq problemlərinə də yol aça bilər. B12 çatışmazlığının əlamətləri arasında əzələ zəifliyi, yeriməkdə çətinlik, çəki itkisi, əsəbilik, depressiya, ürəkbulanma, yorğunluq və nizamsız ürək ritmləri də mövcuddur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun