Tibbi xəbərlər
Qarınlı adamlar infarkta
Tibbi xəbərlər
143

Qarınlı adamlar infarkta meylli olur?

Bel ətrafı, qan təzyiqi və qan şəkəri bəzən səssizcə xəbərdarlıq siqnalları verir.

E-saglam.az xəbər verir ki, bu siqnalları vaxtında dəyərləndirmək vacibdir, çünki metabolik sindrom infarkt və diabetin gizli xəbərçisi ola bilər.

Metabolik sindrom, xüsusilə 50 yaşdan sonra ən ciddi sağlamlıq təhlükələrindən biridir. Tibb ədəbiyyatında “kardiometabolik risk sindromu” adlanan bu vəziyyət qarın piylənməsi, yüksək qan təzyiqi, yüksək qan şəkəri, pozulmuş lipid profili və aşağı HDL xolesterin səviyyəsinin birləşməsi ilə xarakterizə olunur. İlk baxışda “bir az qarın” və ya “bir az yüksək təzyiq” adi görünsə də, birlikdə olduqda ürək-damar xəstəlikləri, insult, 2-ci tip diabet və böyrək problemləri üçün ciddi risk yaradır.

Türkiyədə aparılan araşdırmalara görə, 50 yaşdan yuxarı insanların üçdə biri metabolik sindromdan əziyyət çəkir. Onların çoxu bu barədə yalnız müayinələr zamanı və ya ciddi sağlamlıq problemi ortaya çıxanda xəbər tutur. (Mənbə: ÜST, 2024)

Kimlər risk altındadır?
– Genetik meyl: Ailəsində diabet, ürək xəstəliyi və ya hipertoniya olanlarda risk daha yüksəkdir.
– Oturaq həyat tərzi: Hərəkətsizlik qarın piylənməsini sürətləndirir.
– Qidalanma vərdişləri: Rafine şəkər, işlənmiş qidalar və fast food əsas tətikləyicilərdir.
– Stress və yuxusuzluq: Kortizol artımı və yuxu çatışmazlığı insulin müqavimətini gücləndirir.
(Mənbə: Amerika Ürək Assosiasiyası, 2025)

Sadə test: bel ölçüsü
Metabolik sindromu evdə müəyyən etməyin ən sadə yolu bel ölçüsünü izləməkdir:
– Kişilər üçün 102 sm-dən yuxarı
– Qadınlar üçün 88 sm-dən yuxarı
Mütəxəssislər xəbərdarlıq edirlər: “Normal çəkiyə sahib olsanız belə, qarın piyiniz çoxdursa, risk altındasınız.”

Niyə təhlükəlidir?
Metabolik sindrom uzun müddət simptomsuz davam edə bilər. Ancaq zamanla damarları, orqanları və maddələr mübadiləsini yavaş-yavaş zədələyir.
– Ürək-damar xəstəlikləri riskini iki dəfə artırır
– Tip 2 diabet riskini beş dəfə artırır
– Böyrək funksiyalarını zəiflədir
– Yağlı qaraciyər və siroz riskini artırır
(Mənbə: Avropa Kardiologiya Cəmiyyəti, 2024)

Nə etmək lazımdır?
Metabolik sindrom idarə oluna bilən vəziyyətdir. İlk addım bədənin verdiyi siqnalları dəyərləndirməkdir: bel ölçüsünü izləmək, qan təzyiqini mütəmadi yoxlamaq və həyat tərzində kiçik dəyişikliklərə başlamaq. (Mənbə: ÜST, 2024)

Qan analizlərində xəbərdarlıq əlamətləri
Diaqnoz üçün beş meyardan ən azı üçü kifayətdir:
– Qadınlarda ≥88 sm, kişilərdə ≥102 sm bel ölçüsü
– Qan təzyiqi 130/85 mmHg və yuxarı
– Aclıq qan şəkəri 100 mq/dl və yuxarı
– Trigliseridlər 150 mq/dl və yuxarı
– HDL xolesterol: qadınlarda 50 mq/dl, kişilərdə 40 mq/dl-dən aşağı

Bu göstəricilər sadə qan testləri ilə asanlıqla müəyyən olunur. Xüsusilə 50 yaşdan sonra illik müayinələr həyat qurtara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun