Almaniyalı Leon Otremba boyunun qısa olması səbəbindən uzun illər kompleks və depressiya yaşayıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, cəmi 171 sm boya sahib olmaq onu sosial vəziyyətlərdə narahat hiss etdirirdi, xüsusilə də başqaları ilə şəkil çəkdirərkən özünü alçaldılmış hiss edirdi.
Nəhayət, bu vəziyyətdən bezən Otremba radikal qərar verib: ayaqlarını uzatmaq üçün iki mərhələli, ağrılı əməliyyata girib. Cərrahlar onun ayaq sümüklərini sındırıb, tənzimlənən metal implantlar yerləşdiriblər. Bu proses aylarla davam edib və Otremba uzun müddət qoltuqaltı ağacları və əlil arabasından istifadə etmək məcburiyyətində qalıb.
Ağrının dözülməz olduğunu və yalnız gündə 3-4 saat yata bildiyini deyən Otremba, nəticədə boyunun 24 santimetr artmasından razı qaldığını bildirib. İndi 195 sm boya sahib olan gənc, həyat keyfiyyətinin dəyişdiyini və özgüvəninin artdığını vurğulayıb.
Tərcümə: Könül Oruc