Tibbi xəbərlər
Qulaq kiri bu xəstəliyin erkən diaqnozuna kömək edə bilər -
Tibbi xəbərlər
235

Qulaq kiri bu xəstəliyin erkən diaqnozuna kömək edə bilər - Çin alimlərindən YENİLİK

Çin alimləri qulaq kirindəki kimyəvi maddələr vasitəsilə Parkinson xəstəliyini erkən mərhələdə aşkar etməyin mümkün olduğunu bildiriblər. Süni intellektlə dəstəklənən analiz sistemi xəstəliyi 94% dəqiqliklə müəyyən edə bilir.

E-saglam.az xəbər verir ki, Parkinson xəstəliyi illərlə simptomsuz davam edə bilən, sinir sistemini tədricən zədələyən neyrodejenerativ bir xəstəlikdir. Yeni araşdırma isə bu xəstəliyin diaqnostikasında qulaq kirinin mühüm rol oynaya biləcəyini ortaya çıxarıb. Tədqiqat zamanı məlum olub ki, Parkinson xəstələrinin qulaq kirindəki bəzi uçucu üzvi birləşmələr (VOC) sağlam insanlarla müqayisədə əhəmiyyətli dərəcədə fərqlənir.

Bu birləşmələrin dəriyə yaxın nahiyədə yerləşən sebumdan qaynaqlandığı və xəstəlik zamanı oksidləşdirici stress, iltihab və sinir hüceyrələrinin zədələnməsi kimi proseslərlə dəyişdiyi müəyyən edilib. Əvvəllər bu məqsədlə dəri səthindən nümunələr götürülürdü, lakin ətraf mühitin təsirindən nəticələrin etibarlılığı azalmışdı. Qulaq kiri isə daha qorunan nümunə olduğu üçün daha stabil nəticələr verib.

Tədqiqat 2017–2021-ci illər arasında Çinin Yunnan bölgəsində aparılıb. 209 nəfərin qulaq kirindən alınan nümunələrin 108-i Parkinson diaqnozu qoyulmuş şəxslərə aiddir. Qaz xromatoqrafiyası və kütləvi spektrometriya ilə aparılan təhlillər nəticəsində dörd spesifik maddə — etilbenzol, 4-etiltoluen, pentanal və 2-pentadesil-1,3-dioksolan — xəstələrdə sağlam insanlardan fərqli səviyyədə aşkarlanıb.

Bu məlumatlar əsasında hazırlanmış süni intellekt əsaslı qoxu tanıma sistemi Parkinson xəstələrini 94% dəqiqliklə müəyyən edib. Alimlər bu texnologiyanın gələcəkdə sürətli, sərfəli və qeyri-invaziv skrininq üsulu kimi istifadə ediləcəyini bildirirlər.

Qeyd edək ki, Parkinson xəstəliyi Alzheimerdən sonra dünyada ən çox yayılmış ikinci neyrodejenerativ xəstəlikdir. Əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinir və titrəmə, əzələ sərtliyi, hərəkətlərdə ləngimə və tarazlıq pozğunluğu ilə müşahidə olunur. ABŞ-da hər il 500 mindən çox insana bu diaqnoz qoyulur, ümumi xəstə sayı isə 1 milyonu keçir. Xəstəliklə bağlı illik müalicə xərclərinin 14 milyard dolları aşdığı, 2040-cı ilə qədər xəstələrin sayının iki dəfə artacağı gözlənilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun