Tibbi xəbərlər
Uşaqlarda şəkərli diabet təhlükəsi:
Tibbi xəbərlər
142

Uşaqlarda şəkərli diabet təhlükəsi: Valideynlərə vacib xəbərdarlıq

Türkiyədə hər 100 min uşaqdan 10-20-nə 1-ci tip şəkərli diabet diaqnozu qoyulur. Bu xəstəlik erkən diaqnoz və müasir müalicə üsulları ilə nəzarət altına alına və uşağın həyat keyfiyyəti yüksəldilə bilər. Mütəxəssislər bu mövzuda ailələri diqqətli olmağa çağırır.

E-saglam.az xəbər verir ki, Acıbadem Kent Xəstəxanasının Uşaq Endokrinologiyası üzrə mütəxəssisi Dr. Arzu Cəlilova bildirib ki, son illərdə 1-ci tip diabetin uşaqlar arasında yayılması artır və xəstəliyin aşkarlandığı yaş getdikcə azalır. Onun sözlərinə görə, bu xəstəlik həyat üçün təhlükəli fəsadlara yol aça bilər və bu səbəblə erkən müdaxilə vacibdir.

Uşaqlarda 1-ci tip şəkərli diabetin əsas əlamətləri:

- Tez-tez sidiyə getmə və gecələr yatağı islatma

- Həddindən artıq susuzluq

- İştahın artmasına baxmayaraq çəki itkisi

- Yorğunluq və halsızlıq

Bu əlamətlər qısa müddətdə inkişaf edə və müalicə olunmadıqda “diabetik ketoasidoz” adlanan həyati təhlükəli vəziyyətə gətirib çıxara bilər.

Valideynlərə mühüm xəbərdarlıq

Dr. Cəlilova ailələrə tövsiyə edir ki, bu simptomları müşahidə etdikdə dərhal həkimə — endokrinoloqa müraciət etsinlər. Sadə bir qan şəkəri ölçümü ilə erkən diaqnoz qoymaq mümkündür. Erkən diaqnoz xəstəliyin idarə olunmasında əsas rol oynayır.

Müalicədə yeni texnologiyalar dövrü

1-ci tip diabetin nəzarətində müasir texnologiyalar — davamlı qlükoza monitorinq sistemləri (CGM) və hibrid qapalı döngü sistemləri (süni mədəaltı vəzi cihazları) uşaqlar üçün böyük üstünlük yaradır. Bu sistemlər sayəsində insulin nasosları ilə qan şəkəri daha dəqiq izlənir və barmaqla ölçmə ehtiyacı azalır.

Uşağın həyat keyfiyyətini artırmaq üçün tövsiyələr

Mütəxəssis bildirir ki, uşağın müalicəyə aktiv şəkildə qatılması uğurun əsas şərtidir. Məktəbdə müəllimlərin məlumatlandırılması, balanslı qidalanma, planlı insulin istifadəsi və müntəzəm həkim nəzarəti xəstəliyin düzgün idarə olunmasına kömək edir. Müalicə ilə bu uşaqlar normal həyatlarını davam etdirə, idmanla məşğul ola və sosial mühitdə rahatlıqla yer ala bilərlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun