Yuxu mütəxəssisi Sammy Margo bildirir ki, ətraf mühitin şəraiti yuxunun keyfiyyətinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, yüksək temperatur melatonin hormonunun – yuxunu tənzimləyən əsas maddənin – istehsalını azalda bilər. Bu isə yuxuya getməyi çətinləşdirir.
E-saglam.az xəbər verir ki, mütəxəssis yataq otağının temperaturunu 16-18 °C arasında saxlamağı tövsiyə edir. Yay aylarında bu çətin görünə bilər, amma bədən mövqeyini düzgün seçməklə yuxu keyfiyyətini yaxşılaşdırmaq mümkündür.
İsti havalarda rahat yuxu üçün bu 4 poza tövsiyə olunur:
1. Ulduz balığı – Arxası üstə uzanaraq, qolları və ayaqları yanlara açmaqla bədən daha çox havalanır. Bu, sərin qalmağa kömək edir. Yüngül çarşaf istifadə etmək də rahatlığı artırır.
2. Qaşıq pozası – Yan uzanaraq dizlərin arasına yastıq qoymaqla kürək dəstəklənir, nəfəs yolları açıq qalır və bədən istiliyi tənzimlənir.
3. Sərbəst düşmə – Qarın üstə uzanaraq yatmağı sevənlər üçün bu poza uyğundur. Bədənin altına sərin dəsmal və ya soyuducu yastıq yerləşdirmək əlavə fayda verə bilər.
4. Divarda ayaqlar – Yuxudan əvvəl divara söykənərək ayaqları yuxarı qaldırmaq qan dövranını yaxşılaşdırır, şişkinliyi və yorğunluğu azaldır, bədəni sərinlədir.
Bu sadə mövqelər isti gecələrdə yuxuya getməyə və yuxunun keyfiyyətini qorumağa kömək edə bilər.
Tərcümə: Könül Oruc